Azərbaycanda qanunsuz ağackəsmə, icazəsiz torpaq qazıntıları və məişət tullantılarının ətraf mühitə atılması ekoloji tarazlığa ciddi ziyan vuran hüquqpozmalar sırasındadır. Bu əməllərə görə qanunvericilikdə inzibati və bəzi hallarda cinayət məsuliyyəti nəzərdə tutulsa da, ekoloji pozuntular hələ də aktual problemlərdən biri olaraq qalır. Bəs bu qanun pozuntularına görə hansı cəzalar tətbiq edilir və mövcud sanksiyalar ekoloji hüquqpozmaların qarşısını almaq üçün kifayət edirmi?

Bu barədə tanınmış hüquqşünas Əkrəm Həsənov Ekologiya.az-a açıqlamasında deyib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı hüquqi baza kifayət qədər genişdir və ekoloji hüquqpozmalar törədən şəxslər əməlin ağırlığından asılı olaraq inzibati, mülki və ya cinayət məsuliyyəti daşıyırlar:

“Qanunsuz ağackəsmə, torpaq qatının özbaşına qazılması, faydalı qazıntıların icazəsiz hasilatı, tullantıların təbiətə atılması, su hövzələrinin və atmosferin çirkləndirilməsi kimi əməllər Azərbaycan qanunvericiliyində ekoloji hüquqpozması hesab olunur. Bu sahədə əsas hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyası, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar, eləcə də İnzibati Xətalar və Cinayət məcəllələri ilə tənzimlənir”.

Hüquqşünasın sözlərinə görə, hər bir ekoloji hüquqpozması eyni hüquqi nəticə doğurmur və məsuliyyət törədilən ziyanın həcminə görə müəyyən edilir:

“Əgər törədilmiş əməl daha az ictimai təhlükəlidirsə, şəxs İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilir. Lakin ətraf mühitə külli miqdarda ziyan vurulubsa, meşə fonduna, torpaq ehtiyatlarına və ya su hövzələrinə ciddi zərər dəyibsə, həmin şəxs Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb oluna bilər. Bu zaman cərimə ilə yanaşı, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə kimi cəzalar da tətbiq edilə bilər”.

Aysel Elnur