İnformasiya Texnologiyaları İnstitutunda uzun illərdir ki, rəqəmsal transformasiyalar şəraitində “yaşıl texnologiyalarla” bağlı tədqiqatlar aparılır, “yaşıl iqtisadiyyat” və ekologiya kimi problemlərə böyük diqqət ayrılır.
Bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AZƏRTAC-a açıqlaması zamanı bildirib.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını ölkəmiz üçün əlamətdar hadisə kimi qiymətləndirən akademik Rasim Əliquliyev dövlət başçısının sözügedən Sərəncamından irəli gələn vəzifələr haqqında məlumat verib. Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verildiyini qeyd edən AMEA-nın vitse-prezidenti ən müasir texnologiyaların ölkəmizdə geniş tətbiq olunması ilə yeni iqtisadi sahələrin meydana gəlməsi, enerji istehsalı, enerji təhlükəsizliyinin yenidən qurulması istiqamətdə mühüm addımların atıldığını qeyd edib.
AMEA-nın vitse-prezidenti Azərbaycanın bu günədək nüfuzlu beynəlxalq təşkilatların siyasi, iqtisadi və humanitar problemlərə həsr olunmuş əhəmiyyətli tədbirlərinə ev sahibliyi etdiyini bildirib. Bu il ən böyük beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinə dair qərarı mühüm hadisə kimi qiymətləndirib. Akademik bu mötəbər tədbirin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasi və iqtisadi əhəmiyyət kəsb etdiyini vurğulayıb. AMEA-nın vitse-prezidenti COP29-un iqlim dəyişikliyinin azaldılmasına və yaşıl enerjidən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayan beynəlxalq tədbirlərindən olduğuna diqqət çəkib.
“COP29 ölkəmizdə “yaşıl ideyaların” reallaşması istiqamətində institusional və kompleks tədbirlərin həyata keçirilməsinə təkan verəcək”, - deyən institut direktoru tədbir zamanı dünyanın “düşünən beyinləri”nin ölkəmizdə cəmləşəcəyini qeyd edib.
O, COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinin müvafiq qurumlar qarşısında da mühüm vəzifələr qoyduğunu diqqətə çatdıraraq, aidiyyəti dövlət qurumlarının bu prosesdə yaxından iştirak edəcəyini vurğulayıb.
Ənənəvi iqtisadiyyatın yaşıl iqtisadiyyata transformasiya olunması üçün cəmiyyətimizdə “yaşıl mədəniyyətin” formalaşdırılmasının önəminə toxunan AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutu alimlərinə “yaşıl ideya”, “yaşıl texnologiyalar” istiqamətində yeni təşəbbüslər irəli sürməklə bağlı tapşırıqların verildiyini qeyd edib. Akademik R.Əliquliyev institutda “yaşıl cəmiyyətin” formalaşması məsələləri ilə bağlı tədqiqatlara başlanıldığını və bu araşdırmaların nəticələrinin ölkəmizdə “yaşıl texnologiyaların” tətbiqi istiqamətində aparılan işlərə, həyata keçirilən tədbirlərə elmi baxımdan ciddi dəstək verəcəyinə əminliyini ifadə edib.
Alim, həmçinin institutun təşkilatçılığı ilə bu istiqamətdə keçiriləcək konfranslar haqqında da məlumat verib. Bildirib ki, cari ilin aprel ayında İnformasiya Texnologiyaları İnstitutu, Odlar Yurdu Universiteti və digər qurumların birgə təşkilatçılığı ilə “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq konfransın, eləcə də, oktyabr ayında institutun təşkilatçılığı ilə “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” adlı respublika elmi-praktiki konfransının keçirilməsi nəzərdə tutulur.