Abşeron yarımadası Azərbaycanın ən sıx yaşayış olan yerlərindən biridir və yaşıl enerji potensialı çox yüksəkdir.
Bunu Trend-ə açıqlamasında ekoloq Mahmud Mehdiyev deyib.
O bildirib ki, Abşeron yarımadası Azərbaycanın məşhur neft və qaz sənayesinin mərkəzi olan bir bölgədir.
"Buna baxmayaraq, Abşeron yarımadasında da yaşıl enerji potensialı mövcuddur.
Abşeron yarımadasında günəşli günlərin sayı il ərzində çox olur. Bu, şəhərləşmiş bölgədə günəş paneli sistemlərinin quraşdırılmasına böyük potensial yaradır. Günəş enerjisi sistemləri mənzillərin damında, parklar və açıqlıq sahələrdə qurula bilər.
Abşeron yarımadasının dəniz sahili, külək enerjisi istehsalı üçün əlverişli bir mühitə malikdir. Dəniz sahili boyunca külək təsir edən bu yarımadada, külək enerjisi turbinlərinin qurulmasına imkan yaradır. Bu, öz növbəsində, şəhərin enerji təminatına yeni və yenilənən enerji mənbələri əlavə etmək üçün bir imkan yaradır", - o bildirib.
Ekoloq qeyd edib ki, yarımada şəhər təsərrüfatı və neft-qaz sənayesi ilə əhatə olunan ərazilərdən ibarətdir.
"Bundan başqa, istifadə edilmiş su, yağma, və neft-qaz sənayesindən yaranan təbii məhsullar, bioenerji istehsalı üçün istifadə edilə bilər.
Bu potensial mənbələrin inkişaf etdirilməsi və istifadə edilməsi, Abşeron yarımadasının yaşıl enerji potensialını artırmağa və ətraf mühitin qorunmasına kömək edir. Bu, yarımadanın sürətli şəkildə inkişaf etməsinə və yaşıl enerji istifadəsinin artırılmasına imkan verir", - deyə o əlavə edib.
Qeyd edək ki, 2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. Müqavilələrə uyğun olaraq “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, “Masdar” şirkəti ilə isə 230 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra edilməsi nəzərdə tutulub.
2022-ci ildə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Hər iki tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.