• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Səfir: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin və bütün region üçün mühüm mərhələdir

    28

    may

    Səfir: Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin və bütün region üçün mühüm mərhələdir

    Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun Britaniyanın nüfuzlu “Diplomat” jurnalında məqaləsi dərc olunub. Məqalə Azərbaycanın Müstəqillik Gününə həsr edilib.


    AZƏRTAC xəbər verir ki, Elin Süleymanov məqalədə 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsasının qoyulmasından və əksər Qərb demokratiyalarından əvvəl qadınlara səsvermə hüququ verməsindən bəhs edib.


    “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra bolşevik istilasına düçar olsa da, azadlıq, istiqlal hisslərini, demokratik ənənələri gücləndirərək gələcək Respublikanın müstəqilliyi üçün möhkəm zəmin yaratdı. ADR-in hüquqi varisi Azərbaycan Respublikası bu ilk respublikanın təməli üzərində qürurla qurulmuşdur”, - deyə, səfir məqaləsində yazıb.


    Səfir bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik də daxil olmaqla müxtəlif səyləri ilə beynəlxalq sülh və təhlükəsizliyin, eləcə də çoxtərəflilik dəyərlərinin qorunmasına töhfə verir.


    Səfir məqaləsində Azərbaycanın bu ilin sonunda COP29-a ev sahibliyi edəcəyinə də toxunub, bunu bütün region üçün mühüm mərhələ adlandırıb. O qeyd edib ki, Azərbaycan nümunə olaraq iqlim dəyişikliyi və davamlılığı öz milli inkişaf planlarının mərkəzinə qoyub və Azərbaycan Prezidenti 2024-cü ili iqlim dəyişikliyi üzrə milli və beynəlxalq səviyyədə fəaliyyətə təkan vermək üçün “Yaşıl dünya üçün həmrəylik ili” elan edib. “Yaşıl enerjiyə keçiddə regional lider kimi Azərbaycan 2050-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzur İqtisadi Zonalarını və Naxçıvan Muxtar Respublikasını xalis sıfır emissiya (net zero emission) zonalarına çevirmək niyyətindədir”, - deyə səfir əlavə edib.


    Elin Süleymanov məqalədə Azərbaycan və Ermənistanın bu gün sülhə həmişəkindən daha yaxın olduğunu qeyd edib. O bildirib ki, 30 illik münaqişədən sonra regionda qarşıdurma səhifəsini çevirmək və davamlı sülh üçün çalışmaq vaxtıdır. Səfir Azərbaycan və Ermənistanın normallaşma istiqamətində irəliləyiş əldə etməklə dünyanı müsbət mənada təəccübləndirməkdə davam etdiyini də əlavə edib.


    Diplomat məqaləsində Azərbaycan və Britaniya arasındakı əlaqələrə də toxunaraq iki ölkənin bir-biri üçün yaxın və etibarlı tərəfdaş olduğunu və münasibətlərin hər gün gücləndiyini yazıb: “COP29 üzrə zəngin təcrübəsini bölüşməyə hazır olduğuna və ölkəmizə dəstək verdiyinə görə Böyük Britaniyaya minnətdarıq. Azərbaycan iqlim fəaliyyətini qarşılıqlı şəkildə gücləndirmək və bu ilin sonunda uğurlu COP tədbirini keçirmək üçün bütün tərəfdaşlarla, o cümlədən Böyük Britaniya ilə işləməyə hazırdır”.

    Tarix : 28-05-2024, 10:56 | Oxunub: 2 749