Dəyirmi masada çıxış edən nazir səhiyyə sistemlərinin karbon dioksid emissiyalarına əhəmiyyətli dərəcədə töhfə verdiyini də qeyd edib: “Yeni iqlim problemlərini yumşaltmaq üçün səhiyyə sisteminin hərtərəfli transformasiyası tələb olunur. Bununla belə, normativlərə uyğunluq, maliyyə məhdudiyyətləri, mədəni müqavimət kimi bir sıra məsələlər “Yaşıl xəstəxanalar və sağlam şəhərlər” konsepsiyasının həyata keçirilməsində əsas problemlər kimi qalır”.
Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayan Teymur Musayev, cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə olunduğunu bildirib: “Azərbaycan neftlə zəngin ölkə olmasına baxmayaraq, hər zaman “yaşıl” gündəliyə sadiq olub. Cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi etməsi bunun əyani sübutudur”.
Öz çıxışında Teymur Musayev inkişaf etməkdə olan, xüsusən də az inkişaf edən və kiçik ada ölkələrinin maliyyə cəhətdən dəstəklənməsinin vacibliyini vurğulayıb: “İnanırıq ki, Qoşulmama Hərəkatına 4 illik sədrlik Azərbaycana körpü qurucusu rolunu oynamağa və Bakıda təşkil olunacaq COP29 Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılması üçün həm inkişaf edən, həm də inkişaf etməkdə olan ölkələrin mövqelərini uyğunlaşdırmağa imkan verəcək”.
“Sonda dünya ictimaiyyətini iqlimin sağlamlığa xoşagəlməz təsirləri ilə üzləşməmək üçün tez və qətiyyətli hərəkət etməyə çağırıram”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.