Bu gün “Miniboss Business School Baku”nun təşkilatçılığı ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında startaplar üzrə Milli Çempionat keçirilib.
“Report” xəbər verir ki, komandalar innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma və münsiflər heyətinin sualına cavablama kimi meyarlar üzrə qiymətləndirilib.
Məlumata görə, ekologiya, turizm, sosial, yüngül sənayə və digər sahələrdə təmsil olunan startaplar arasında ən yüksək nəticə göstərən üç komanda qalib olub. Bundan başqa, komandalar arasında altı nominasiya üzrə qaliblər də müəyyənləşib. Belə ki, münsiflər heyətinin nümayəndələri “Ən yaxşı təqdimat”, “Ən yaxşı çıxış”, “Ən kreativ ideya”, “Ən innovativ ideya”, “Ən yaxşı məshul dizaynı” və “Ən uğurlu brend adı” nominasiyaları üzrə də komandaları dəyərləndiriblər.
Çıxışlardan sonra startaplar üzrə Milli Çempionat çərçivəsində ənənəvi “MiniBoss Bazar” da təşkil olunub. Burda tələbələr onların hazırladıqları məhsul və xidmətləri tədbirin qonaqlarına nümayiş edərək satışını həyata keçiriblər.
Qeyd edək ki, bu məhsulları "Gənclik Mall" Ticarət Mərkəzində təşkil olunan satış sərgisində 16 may-16 iyun tarixlərində əldə etmək olar.
Xatırladaq ki, apreldə keçirilən forum çərçivəsində 17 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş ediblər və startaplara münsiflər heyəti tərəfindən dəyərləndirilərək müvafiq qrant ayrılıb. İlkin kapital olaraq istifadə olunan bu maliyyə vəsaitləri layihələrin həyata keçirilməsi üçün istifadə olunub. Qeyd edək ki, təqdim olunan qrantların minimal məbləği 700 manat, maksimal məbləği isə 3100 manat təşkil edirdi. Gənc sahibkarlar tərəfindən cari ildə də biznesyönümlü startaplarla yanaşı, sosialyönümlü layihələr təqdim edilib.
“Miniboss Business School” qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcüd olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan “Miniboss Business School” hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında STARTUP Forum, Milli və Dünya çempionatları təşkil edir. Bu il dünya çempionatı isə 29 iyun-2 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.