• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Epizootoloji monitorinqlər zamanı şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib

    13

    dek

    Epizootoloji monitorinqlər zamanı şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib

    Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, noyabrın 20-24-də keçirilmiş monitorinq zamanı epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq sahələrində və dənizsahili zonalarında ümumi müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 52 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb.

    Monitorinq çərçivəsində Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron, Şabran, Siyəzən, Lənkəran, Cəlilabad, Salyan, Neftçala və Ucar rayonlarındakı 11 sənaye əsaslı quşçuluq müəssisəsindən 110 baş, habelə Bakı şəhəri, Abşeron, Xızı, Şabran, Siyəzən, Lənkəran, Astara, Salyan, Masallı, Neftçala və Ağcabədi rayonlarına aid ümumilikdə 342 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 1026 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb.

    Çöl və ev quşlarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ailə təsərrüfatlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib.
    Əlavə olaraq monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb və həmin xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib.

    Qeyd edək ki, respublika ərazisində quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, noyabr ayından başlayıb və növbəti ilin may ayına qədər ayda bir dəfə keçiriləcək.

    Monitorinqin icrası Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

    Tarix : 13-12-2023, 10:54 | Oxunub: 1 761