İlahiyyat İnstitutunda “Azərbaycanda müasir ekologiya problemləri və onların həlli yolları” mövzusunda seminar keçirilib.
İnstitutdan Ekologiya.az-a bildirilib ki, seminara moderatorluq edən İlahiyyat fakültəsinin dekanı dosent Elnurə Əzizova ekoloji problemlərin insan həyatının bütün sahələrinə təsir etdiyini vurğulayıb. O, bu səpkili seminar və təlimlərə tələbələrin fəal surətdə qatılmasını tövsiyə edib.
Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutunun direktoru professor Bəhram Əliyev “Azərbaycanda müasir ekologiya problemləri və onların həlli yolları” mövzusunda çıxış edib. Məruzəçi dünyada yaranan ekoloji problemlərə diqqət çəkib, qlobal iqlim dəyişmələri, torpaqların deqradasiyası, ərzaq təhlükəsizliyi və onların yaratdığı fəsadlar barədə ətraflı söhbət açıb.
B.Əliyev Azərbaycanda mövcud və gözlənilən ekoloji problemlər və onların həlli yollarından bəhs edib. O, ekoloji problemlərin düzgün və səmərəli həllinin maariflənmədə olduğunu vurğulayıb.
Daha sonra müzakirələr aparılıb.
Seminar Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlərə uyğun olaraq təşkil edilib.