• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tbilisidə Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platformasının ilk forumu keçirilib

    23

    dek

    Tbilisidə Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platformasının ilk forumu keçirilib

    Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc Sahibkarların “Yaşıl İqtisadiyyat” Platforması layihəsinin icrasını davam etdirir.


    AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Tbilisidə ilk forum keçirilib.


    Tədbir Gürcüstanın Peşəkar Maliyyəçilər Assosiasiyası və Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin dəstəyi ilə reallaşıb. Forumun iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderin büstünü ziyarət ediblər.


    Forumun aparıcısı Rəqsanə Şıxıyeva tədbirin məqsədi barədə məlumat verdikdən sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin noyabr ayında Bakıda COP 29-un açılış mərasimindəki çıxışının videoyazısı təqdim edilib.


    GMİB-in sədri Solmaz Əliyeva layihənin məqsədləri haqqında məlumat verib. Bildirilib ki, tədbirin məqsədi yaşıl iqtisadiyyatın və ekosahibkarlığın gənclər arasında təbliğatını aparmaq, gənclər tərəfindən ekosahibkarlığın xüsusiyyətlərinə uyğun biznes təşəbbüslərinin irəli sürülməsi, mümkün biznes imkanlarının müəyyən edilməsi və ətraf mühitə dəyən zərərin azaldılması naminə görülən işlərə dəstək göstərmək, bu istiqamətdə vahid platforma yaratmaqdır.


    Daha sonra forum Azərbaycan və Gürcüstandan olan nümayəndələrin iştirakı ilə panel iclaslarda işini davam etdirib. Müzakirələr zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın sədri Amin Məmmədov, Tbilisi şəhər Gənclər və təhsil mərkəzinin nümayəndəsi Rezo Həsənov, “SOCAR Georgia”nın meneceri Aygün İsayeva, CSR konsultantı Ana Kuxaleişvili çıxış edərək günümüzdə yaşıl iqtisadiyyatın əsas prinsipləri və inkişaf perspektivləri, yaşıl sahibkarlıq, ekoloji yönümlü iş modelləri, yaşıl texnologiyalar və innovasiyalar: gələcəyin iş dünyasında rolu, iqlim dəyişiklikləri ilə mübarizədə yaşıl iqtisadiyyatın rolunun artması, ekoloji sahibkarlığın əsas çətinlikləri mövzularında öz fikirlərini bildiriblər.


    Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndələri Pərvanə Cəlallı və Bənövşə Qasımova də iştirak edərək Fondun fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıblar.


    Daha sonra forumda yeni yaradılmış platformanın saytı təqdim edilib. Saytın yaradılmasında məqsəd gənclər arasında yaşıl iqtisadiyyat və ekosahibkarlıq sahələri üzrə beynəlxalq problemlərin, təcrübələrin müəyyən edilməsi, müxtəlif ölkələr ilə təcrübə mübadiləsi, yaşıl iqtisadiyyatın gənclər arasında təbliği, bununla da vahid platformanın formalaşdırılması, həmçinin bu layihənin davamlılığının təşkil edilməsidir.

    Tarix : 23-12-2024, 09:05 | Oxunub: 1 248