11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən xidməti ərazilərdə 2026-cı il üçün nəzərdə tutulmuş qırma sahələrində oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr təşkil edilmişdir.
İctimai dinləmələr Yardımlı rayonunun Gügəvar,Hamarkənd və Şəfəqli kəndlərində, Mərkəzin 2 saylı, 4 saylı və Çayüzü meşəbəyliyinin ərazisində keçirilmişdir. Tədbirin əsas məqsədi yerli əhalinin məlumatlandırılması, meşə ehtiyatlarından səmərəli və qanunvericiliyin tələblərinə uyğun istifadə qaydalarının izah edilməsi, həmçinin şəffaflığın və ictimai iştirakçılığın təmin olunması olmuşdur.
Dinləmələr zamanı iştirakçılara 2026-cı il üzrə müəyyən edilmiş qırma sahələri, həmin sahələrdə həyata keçiriləcək oduncaq tədarükü işləri, oduncağın satışı və əldə edilməsi qaydaları, eləcə də bu sahədə qüvvədə olan normativ-hüquqi tələblər barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda meşələrin qorunması, meşə ehtiyatlarından səmərəli istifadə olunmasının vacibliyi və qanunsuz ağackəsmənin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbirin sonunda vətəndaşları maraqlandıran suallar cavablandırılmış, onların rəy və təklifləri dinlənilmiş, qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.