• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Kürdəmirdə yaşı 200 ildən çox olan “Şirvanşahı” tənəkləri qeydə alınıb

    17

    fev

    Kürdəmirdə yaşı 200 ildən çox olan “Şirvanşahı” tənəkləri qeydə alınıb

    Yerli üzüm sortlarının qorunub saxlanılması və çoxaldılması istiqamətində ekspedisiyalar təşkil olunur.


    Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən elmi ekspedisiyalar davam etdirilir. Ekspedisiyaların məqsədi respublikamızda emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, rəqabətqabiliyyətli milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi üçün vaxtilə dünyada şöhrət qazanmış yüksəkkeyfiyyətli şərabların istehsalında qiymətli xammal mənbəyi olan yerli üzüm sortlarının müəyyən edilərək seçilməsi, qiymətləndirilməsi, müasir sürətli üsullarla artırılaraq bərpa olunması və istehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsidir.

    Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın qiymətli, ən qədim yerli texniki üzüm sortu “Şirvanşahı”nın bərpası, artırılması, davamlı istifadəsi məqsədilə institutun mütəxəssisləri Kürdəmir rayonunda elmi ekspedisiyada olublar. Aparılan elmi-seleksiya işləri çərçivəsində sortun müəyyən edilərək, gələcəkdə ondan əkin materialı tədarük olunması üçün rayonun Mürtülü, Yenikənd, Dəyirmanlı kəndləri və Karrar qəsəbəsindəki köhnə üzüm bağlarına, fermer, ailə kəndli və ev təsərrüfatlarına baxış keçirilib.

    Tədqiqat zamanı burada çardaq sistemi ilə yanaşı, Yenikənd kiçik ailə fermer təsərrüfatı sahəsində xiyaban üsulu ilə əkilib-becərilmiş, yaşı 200 ildən çox olan “Şirvanşahı” tənəkləri qeydə alınıb.

    İnstitutun mütəxəssisləri tərəfindən “Şirvanşahı” üzüm sortunun tənəkləri çubuq tədarükü zamanı əkin materialı əldə edilməsi məqsədilə etiketlənib, nişanlanmış tənəklərin sayı və hər tənəkdən əldə ediləcək çubuqların təqribi miqdarının qeydiyyatı aparılıb.

    “Şirvanşahı” sortu respublikada şərabçılıq üzrə milli brendlərin istehsalı məqsədilə xammal bazasının yaradılması və ixrac potensialının yüksəldilməsində zəngin texnoloji parametrlərə və imkanlara malikdir.

    Sort tipik texniki istiqamətlidir. Şirə çıxımı yüksəkdir. Sortun məhsulu yüksəkkeyfiyyətli kaqor tipli desert şərabının alınması üçün qiymətli mənbədir. Respublikanın müxtəlif üzümçülük rayonlarında yetişdirilən “Şirvanşahı”dan “Kürdəmir” adlı kaqor tipli dünyaca məşhur desert şərab istehsal edilib.

    Tarix : 17-02-2024, 12:06 | Oxunub: 6 309