Son illər sosial şəbəkələr hava proqnozları, fırtına, güclü külək, intensiv yağıntı və digər təhlükəli meteoroloji hadisələrlə bağlı məlumatların operativ yayılmasında əsas informasiya mənbələrindən birinə çevrilib. Xüsusilə ekstremal hava şəraiti zamanı aidiyyəti qurumların rəsmi xəbərdarlıqları sosial media platformaları vasitəsilə daha geniş auditoriyaya çatdırılır.
Bununla belə, bəzən yanlış və təsdiqlənməmiş məlumatların yayılması, eləcə də bəzi vətəndaşların rəsmi mənbələri izləməməsi xəbərdarlıqların effektivliyini azalda bilir. Bu baxımdan, cəmiyyətin vaxtında və düzgün məlumatlandırılması məsələsi xüsusi əhəmiyyət daşıyır.

Bu barədə Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Ekologiya.az-a açıqlamasında deyib ki, bu gün obyektiv səbəblərdən hava haqqında məlumatların operativ şəkildə insanlara çatdırılması xüsusi əhəmiyyət kəsb edir:
“Bu məlumatlar insanların sağlamlığının qorunması, gündəlik işlərinin planlaşdırılması, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlərin öz işlərini əvvəlcədən düzgün təşkil etməsi baxımından olduqca vacibdir. Əkin-biçinlə məşğul olan insanların hava şəraitini əvvəlcədən proqnozlaşdıraraq fəaliyyətlərini planlaşdıra bilmələri üçün meteoroloji xidmətin çevik və operativ işləməsi zəruridir. Məsələn, xarici ölkələrdə, xüsusilə ABŞ-da fermerlər üçün xüsusi meteoroloji xidmətlər fəaliyyət göstərir. Onların istifadə etdikləri kompüterlərdə hava məlumatlarına həsr olunmuş xüsusi kanallar daim açıq olur. Fermerlər istədikləri vaxt, yarım saatdan və ya bir saatdan bir yenilənən məlumatları izləyərək yağışın, küləyin və ya əlverişli hava şəraitinin olacağını əvvəlcədən öyrənirlər. Bu da onların işlərini daha düzgün planlaşdırmasına imkan yaradır. Tarixən meteoroloji məlumatların əhaliyə çatdırılmasında televiziya əsas vasitələrdən biri olub. Bununla yanaşı, meteoroloji xidmət də müxtəlif kommunikasiya kanallarından istifadə edir. Xüsusilə qurumun sosial şəbəkələrdə aktiv fəaliyyəti var və mənim fikrimcə, bu istiqamətdə görülən işlər kifayət qədər səmərəlidir”.
Əməkdar jurnalist qeyd edib ki, sosial şəbəkələr vasitəsilə hava məlumatlarının yayılması təkcə əlçatanlıq baxımından deyil, həm də auditoriyaya operativ çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır:
“Hazırda Azərbaycanda insanların böyük əksəriyyəti məlumatı məhz sosial şəbəkələrdən əldə edir, onu izləyir, qiymətləndirir və fəaliyyətini buna uyğun qurur. Bu, sosial medianın təbiəti və geniş auditoriyaya təsir imkanları ilə bağlıdır. Hesab edirəm ki, gələcəkdə də bu proses davam edəcək. Çünki hazırda demək olar ki, bütün dövlət qurumları məlumatlarını sosial şəbəkələr üzərindən paylaşır və bunun kifayət qədər effektiv nəticələri müşahidə olunur. Eyni zamanda müxtəlif xidmət sahələri ilə bağlı operativ məlumatlar da əsasən sosial şəbəkələr vasitəsilə ictimaiyyətə çatdırılır. Əlbəttə, televiziya və radionun da bu istiqamətdə fəaliyyətini daha da gücləndirməsi arzuolunandır. Lakin insanların əsas məlumat mənbəyinin sosial şəbəkələrə çevrilməsi səbəbindən bu platformalar hazırda daha fəal və intensiv şəkildə fəaliyyət göstərir. Məncə, atılmalı olan ən vacib addım meteoroloji xidmətin həm regional bölmələrinin fəaliyyətinin, həm də sosial şəbəkələrdəki informasiya siyasətinin ciddi şəkildə yenilənməsidir. Hava şəraiti ilə bağlı məlumatların mütəmadi olaraq, mümkün qədər hər saat yenilənərək auditoriyaya çatdırılması təmin edilməlidir. Bu halda həm meteoroloji xidmət öz vəzifəsini daha səmərəli yerinə yetirmiş olar, həm də əhali və bu məlumatlara ehtiyacı olan insanlar hava şəraiti haqqında ən dəqiq və operativ məlumatları vaxtında əldə edə bilərlər”.

Meteoroloq Cavidan Əliyev Ekologiya.az-a açıqlamasında vətəndaşlara hava proqnozlarını əsasən rəsmi mənbələrdən izləməyi tövsiyə edib.
Onun sözlərinə görə, ən etibarlı mənbələrdən biri Milli Hidrometeorologiya Xidmətinin (meteo.az) proqnozlarıdır:
“Burada ictimaiyyət üçün əlçatan olmayan, daha yüksək dəqiqlikli meteoroloji modellərdən istifadə olunur. Qafqaz regionu üzrə ixtisaslaşmış mütəxəssislərin hazırladığı rəsmi proqnoz və xəbərdarlıqları da izləmək faydalıdır. Bu baxımdan, Rusiyanın Hidrometeorologiya Xidmətinin Şimali, bəzi hallarda isə Cənubi Qafqaz üçün yayımladığı hava xəbərdarlıqları da nəzərə alına bilər. Mobil telefonlardakı hava tətbiqləri aşağı ayırdetmə dəqiqliyinə malik modellərdən istifadə etdiyi üçün onların proqnozlarında tez-tez xətalara rast gəlinir. Peşəkar meteoroloqlar isə proqnoz hazırlayarkən bir neçə mənbənin məlumatlarını müqayisə edir, sinoptik xəritələri ətraflı təhlil edir və müxtəlif atmosfer proseslərinin yarada biləcəyi hava hadisələrini nəzərə alırlar. Bu səbəbdən mütəxəssislərin hazırladığı rəsmi proqnozlar daha etibarlı hesab olunur”.
Aysel Elnur