Xatırladaq ki, Baş nazir Əli Əsədov dərmanlarla bağlı qərar imzalayıb.
Beləliklə Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasında dəyişiklik edilib. Dəyişikliklə dərman vasitələrinin idxalını həyata keçirən hüquqi şəxs ölkə daxilində dərman vasitəsinin aptek təşkilatlarına topdansatışını digər topdansatış əczaçılıq müəssisəsi vasitəsilə həyata keçirdiyi təqdirdə, bu Qaydanın 3.4-cü bəndi ilə müəyyən olunan “Topdansatış əczaçılıq müəssisəsi üçün əlavə”nin 40 faizinədək hissəsini dərman vasitəsinin aptek təşkilatına birbaşa topdansatışını həyata keçirən həmin topdansatış əczaçılıq müəssisəsinə ödəyəcək. Ölkəmizdə dərman satışı bağlı əsasən hansı dəyişikliklərə ehtiyac var? Dərman satışında hansı problemlər həllini tapmalıdır?
Mövzu ilə bağlı tibbi ekspert Adil Qeybullayev Referans-a açıqlamasında bildirib ki, əslində bu qayda dərmanların qiymətinin sonda müəyyən qədər artmasına gətirib çıxaracaq. Amma apteklərin özlərinin də müəyyən qədər, xüsusilə də topdansatış məsələn, özlərinin də müəyyən qədər müdafiəsinə kömək edəcək. İndi hər-halda bunun detalları tam açıqlanmayıb. Bu qərar açıqlansın, bunun icra mexanizmi açıqlansın, onda biz tam biləcəyik ki, burada faktiki olaraq söhbət nədən gedir.
Ekspertin qənaətinə görə, 40 faiz əgər əlavə gəlirin gəlir hissəsindən ödənilirsə, bu o deməkdir ki, həmin gəlir hissəsi dərman idxal edən şirkətlə topdansatış müəssisəsi arasında bölünür. Yaxud bu əlavə olunur. Yəni, bütün bunlar haqqında biz tam dəqiq heç nə bilmirik. Bu icra mexanizmi hazır olandan sonra yəqin ki, bununla bağlı konkret rəylər ortada olacaq.
"Hesab edirəm ki, bütün hədəflər ilkin növbədə dərmanların əlçatan olmasına xidmət etməlidir və bu zaman da dərman idxalına məsul olan şirkətlərin də maraqlı burada təmin edilməlidir və bunlar vacibdir", - deyə ekspert qeyd edib.