• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ƏHALİYƏ MÜJDƏ: Yaxın 5-10 ildə Azərbaycanın bank sektorunda bu yeniliklər olacaq

    28

    iyn

    ƏHALİYƏ MÜJDƏ: Yaxın 5-10 ildə Azərbaycanın bank sektorunda bu yeniliklər olacaq

    “Son illər Azərbaycanda bank sektoru sürətlə rəqəmsallaşır. Artıq bank xidmətlərindən istifadə üçün fiziki olaraq filiallara getməyə ehtiyac yoxdur. Müştərilər kredit almaqdan tutmuş, kart sifarişi və gündəlik ödənişlərə qədər bütün bank əməliyyatlarını mobil tətbiqlər və veb platformalar vasitəsilə rahatlıqla həyata keçirə bilirlər.”

    Bu fikirləri iqtisadçı Kənan Quluzadə konkret.az-a açıqlamasında səsləndirib:

    Ekspert bildirib ki, bu tendensiyanın davamı olaraq yaxın illərdə Azərbaycanda tam rəqəmsal bankların geniş yayılması gözlənilir.

    “Hazırda ABB, Kapital Bank, Paşa Bank, Unibank kimi aparıcı banklar müştərilərinə geniş rəqəmsal xidmətlər təqdim edir. Onların mobil tətbiqləri vasitəsilə hesabların idarə olunması, kredit və depozit məhsullarından faydalanmaq, eləcə də müxtəlif köçürmələri etmək mümkündür.

    Bununla yanaşı, “Leobank” kimi yeni nəsil neobankların fəaliyyəti sektorda rəqabəti gücləndirir. Bu cür rəqəmsal banklar yalnız onlayn mühitdə fəaliyyət göstərir və ənənəvi banklarla müqayisədə daha çevik xidmət modeli təklif edirlər”.
    İqtisadçı vurğulayır ki, bank xidmətlərinin rəqəmsallaşmasında süni intellekt, blokçeyn, bulud texnologiyaları və mobil innovasiyalar mühüm rol oynayır. Hazırda bəzi banklarda süni intellekt əsasında kredit skorinq sistemləri tətbiq olunur ki, bu da kreditlərin daha obyektiv və sürətli şəkildə verilməsinə imkan yaradır.

    “Xüsusilə, gənc nəsil arasında bank xidmətlərinə yanaşma fərqlidir. Fiziki banklara baş çəkmək əvəzinə, əksəriyyət bütün əməliyyatları smartfon vasitəsilə həyata keçirməyə üstünlük verir. Bu dəyişiklik bankların filial siyasətinə də təsir edir. Bir çox bank filialların sayını azaldaraq daha çox rəqəmsal kanallara yatırım etməyə başlayıb. Azərbaycan Mərkəzi Bankı da rəqəmsal bankçılıq prosesinə dəstək göstərir. Normativ hüquqi baza sadələşdirilir, fintek şirkətlər üçün əlverişli mühit yaradılır və rəqəmsal ödəniş infrastrukturunun təkmilləşdirilməsi istiqamətində layihələr həyata keçirilir.”

    Mütəxəssisin proqnozlarına görə, növbəti 5–10 ildə Azərbaycanda aşağıdakı yeniliklər reallaşa bilər:
    •Yalnız onlayn fəaliyyət göstərən rəqəmsal bankların sayı artacaq;
    •Elektron imza və biometrik məlumatlarla tam rəqəmsal bank hesabları açılacaq;
    •Kreditlərin verilməsində süni intellekt əsaslı sistemlər geniş istifadə olunacaq;
    •Rəqəmsal manat və kriptovalyuta kimi innovasiyalar tətbiq ediləcək;
    •Fiziki filialların sayı əhəmiyyətli dərəcədə azalacaq.

    Ekspert hesab edir ki, bankçılıqda rəqəmsallaşma artıq seçim deyil, zərurətə çevrilib. Əgər bu sahədə texnoloji infrastruktur və hüquqi baza davamlı şəkildə inkişaf etdirilərsə, yaxın gələcəkdə Azərbaycanda tam rəqəmsal fəaliyyət göstərən banklar reallığa çevrilə bilər.

    Tarix : Dünən, 20:25 | Oxunub: 184