İyul ayının birinci ongünlüyünün sonlarınadək ölkə ərazisində hava şəraitinin mülayim keçəcəyi, bəzi bölgələrdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yağıntıların əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Məlumatda qeyd olunub ki, bu ilin may ayında havanın orta aylıq temperaturu iqlim normasından 2 dərəcə, iyun ayında 1 dərəcə yuxarı olub. İyul ayının birinci ongünlüyündə isə temperaturun normaya yaxın olacağı proqnozlaşdırılır.
İyul ayının birinci ongünlüyündə havanın maksimal temperaturunun ötən ilin müvafiq dövrü ilə müqayisədə 3-8 dərəcə aşağı olacağı gözlənilir. Belə ki, ötən ilin iyul ayının birinci ongünlüyündə Bakıda və Abşeron yarımadasında 38, bölgələrdə 40 dərəcəyədək isti müşahidə edilmişdisə, bu ilin müvafiq dövründə Bakıda və Abşeron yarımadasında 30-33, bölgələrdə isə 35 dərəcəyə yaxın isti olacağı ehtimal olunur.