Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.


FHN-in mətbuat xidmətindən Ekologiya.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik tikilən 12 boksdan ibarət avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bokslara və ərazidə yerləşən mebel sexinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində ümumi sahəsi 5 kvadratmetr olan gözətçi köşkünün və sexin ərazisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.


Avtomobil təmiri sexi, bitişik yerləşən mebel sexi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.