Bakıda iqlim və energetika nazirin başına iş gəldi - 60 min dollarlıq...
Avstraliyada iqlim və energetika naziri Kris Bouenin Bakıya səfəri zamanı etdiyi telefon zəngləri ciddi qalmaqala yol açıb.
Ekologiya.az Modern.az-a istinadla xəbər verir ki, nazir 2024-cü ilin noyabrında Bakıda keçirilən
COP29 çərçivəsində iki həftə
Azərbaycanda olub və bu müddətdə etdiyi telefon zənglərinə görə ona 62 min
Avstraliya dolları (təxminən 43 min ABŞ dolları) məbləğində hesab təqdim edilib.
Nazir bu məbləği həddindən artıq yüksək adlandırsa da, ödənişi etməyə məcbur qalıb. Daha sonra nazirliyin etirazlarından sonra telekommunikasiya şirkəti hesabın 30 min dollarını geri qaytarıb. Məhz bu addım Avstraliya ictimaiyyətində və siyasi dairələrdə suallar doğurub.
Nazirliyin nümayəndəsi telekommunikasiya şirkətinin adını açıqlamasa da, bu məlumat artıq mətbuatda yayılıb. Senator Sara Henderson 30 min dolların geri qaytarılmasını “olduqca qəribə addım” adlandırıb və bildirib ki, əgər sadə vətəndaşlar da səhv etdiklərinə görə telefon xərclərini geri ala bilsəydilər, bu, ideal olardı. O, eyni zamanda, şirkətin çoxmilyonlu dövlət müqaviləsini qorumaq üçün nazirliyə güzəşt etdiyini də istisna etməyib.
Dinləmələr zamanı məlum olub ki, İqlim və Energetika Nazirliyi son altı ay ərzində ezamiyyət xərcləri üçün 9,6 milyon dollar vəsait sərf edib. Mayk Kayzer bu xərcləri əsaslandıraraq bildirib ki, nazirlik Avstraliyanın maraqlarını beynəlxalq səviyyədə təmsil etmək üçün müxtəlif iqlim sammitlərində və konfranslarda iştirak etməyə məcburdur.