Daşqınlar, sel hadisələri və güclü yağışlar kimi ekstremal hava hadisələri tez-tez baş verir, hər il daha ciddi xarakter alır.
Ekologiya.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində “Erkən xəbərdarlıqlar və davamlı şəhərlər” adlı tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müavini Xəyyam Məmmədov deyib.
O bildirib ki, bu hadisələr infrastruktura ziyan vurur, iqtisadiyyata təsir edir, insanların həyat keyfiyyətini aşağı salır: “Su sektoru iqlim dəyişikliyindən ən çox təsirlənən sahələrdən biridir. Bir çox ölkələr kimi, Azərbaycan da bu sahədə ciddi risklərlə qarşı-qarşıyadır. Buna görə adaptasiya bizim əsas prioritetlərimizdən biridir. Əvvəllər Azərbaycanda ildə təxminən 10–20 daşqın hadisəsi baş verirdi. Bu gün isə bu rəqəm dəfələrlə artıb”.
Xəyyam Məmmədov qeyd edib ki, iqlim dayanıqlılığını artırmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi milli su strategiyası və digər dövlət inkişaf proqramlarına uyğun fəaliyyət göstərir: “Bizim fəaliyyətimiz təmiz su, iqlim fəaliyyəti, ətraf mühitin qorunması ilə bağlı BMT Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyir. Eyni zamanda, bu fəaliyyətlər Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 zamanı qəbul edilən qərarlarla da uyğunluq təşkil edir. Biz həmçinin dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl şirkətlərlə birlikdə 2026-cı ildə Antalyada keçiriləcək COP31 üçün yeni adaptasiya layihələri hazırlayırıq”.