Sım bəlkə də xəritədə kiçik bir nöqtədir. Amma bu kiçik nöqtənin içində böyük bir təbiət, zəngin tarix və unudulmaz mənzərələr gizlənir.



Astaranın dağlar qoynunda gizlənən Sım kəndinə gedən yol sanki insanı başqa bir zamana aparır. Sıx meşələrin arasından keçən dolama yollar ilk baxışdan nağıllar diyarını xatırladır. Düşünürsən ki, hansı fəslin olmağından asılı olmayaraq, burada hər zaman səhərlər quş səsləri ilə açılır, axşamlar isə dağların arxasında batan günəş kəndə xüsusi bir rəng qatır.
“Yeni Sabah” bildirir ki, əsrlərin yaddaşını yaşadan kənd təkcə təbiət gözəllikləri ilə deyil, zəhmətkeş insanları və qoruyub saxladığı qədim həyat tərzi ilə diqqət çəkir. Bu dəfə yolumuzu Astaranın ən füsunkar yaşayış məntəqələrindən biri olan Sım kəndindən salaraq onun sirli və rəngarəng həyatına yaxından nəzər saldıq.
Sım Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsinə aid olan kənddir. Astara şəhərindən 45 km şimal-qərbdə, Talış dağlarının qoynunda, Təngərüd çayının sahilində yerləşir. pizza sifarişi
Coğrafi adın tərkibindəki sım sözü talış dilində “sıldırım”, “hündür” mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Rəvayətə görə, kəndin adı Nuh Peyğəmbərin oğlunun adından - Samdan götürülüb, sonradan dəyişərək Sım olub.
Sım kəndi əvvəllər strateji əhəmiyyətə malik olub. Orta əsrlərdə karvan yolları bu kənddən keçib. İndi həmin ərazi “Lərj” adlandırılır və oraya “Lərj” yolu deyilir. “Lərj” yolu talış dilindən tərcümədə “palçıqlı” yol deməkdir. İndi həmin yolun bir hissəsi İranın, digər hissəsi isə bu kəndin ərazisində yerləşir.
Kəndin əhalisi əsasən, arıçılıq, tərəvəzçilik və maldarlıqla məşğuldur. Sım kəndinin əhalisi hazırda təxminən 400-600 nəfər civarındadır. Əhalisi əsasən etnik talışlardan və azərbaycanlılardan ibarətdir.
Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bol sulu şəlalələri ilə məşhurdur.
Ərazidə subtropik iqlim hökm sürür, yaylar mülayim, qışlar isə sərindir. Kənddə 74 bulaq, 4 şəlalə var. Şəlalələrdən ən çox tanınanı kəndin 4-6 km yaxınlığında yerləşən Sım şəlaləsidir.
Biz də ilk olaraq şəlaləyə qalxmaq qərarına gəlirik. Oraya gedən yol öz füsunkarlığı ilə insanı valeh edir. Başdan sona yaşıllıqlara qərq olmuş bu yol, hər addımda insanın ruhunu dincəldir. Məncə, burada təbiətin səsini və ruhunu sözün əsl mənasında hiss edirsən… Hərdən yol insanı yorsa da, sonda buna dəydiyini görürsən. Yol kənarındakı məlumat lövhələri və azsaylı evlər diqqətimi çəkir. Başdan sona qayalıqların olduğu yolda diqqətimi çəkənlərdən biri də “Gəlin qayası” olur. Həmin qayanın qarşısındakı məlumat lövhəsində qeyd olunub:
“Bu abidə kəndin mərkəzi hissəsinə yaxın ərazidə yerləşir. Formaca at üstündə oturmuş gəlini xatırladır. Bu abidə ilə bağlı rəvayətlər də mövcuddur. Belə ki, bir versiyaya görə gəlin və bəy kəndə daxil olarkən qarşılarına əjdaha çıxır və onlar əjdahanın qorxusundan Tanrıya yalvarırlar ki, onları daşa döndərsin ki, əjdaha onları uda bilməsin və bununla da onlar daşa dönüblər. İkinci versiyaya görə, gəlin karvanı kəndə daxil olarkən quldurların hücumuna məruz qalır və onların əlinə düşməmək üçün gəlin Tanrıya yalvarır ki, onu daşa döndərsin və həmin an o daşa dönür. Həmin dövrdən bu günə kimi bu daşa gəlin qayası deyilir”.
Burada sözün əsl mənasında kənd ab-havası hökm sürür. Həyətlərdə toyuq, cücə, quzu, inək, eşşək, at, hətta göldə üzən ördəklər də görə bilərsiniz. Demək olar ki, heç kəsin evinin həyətində daş hasarlar yoxdur. Qonşuları biri-birindən yalnız dəmir setkalar ayırır. Ən əsası isə hər kəsin həyəti gül-çiçəklərlə doludur. İnsan özünü lap cənnətdə hiss edir…
Nəhayət gəlib şəlaləyə çatırıq. Yolumuz bir az yorucu olsa da, bu mənzərəni görməyə dəyərdi.
Şəlalənin kənarında isə oturmaq üçün bir neçə söhbətgah qurulub. Samovar çayından içərək, mənzərədən zövq ala bilərsiniz. Hətta yemək hazırlamq üçün ocaq da yandırmağa icazə verilir. Bir sözlə, meşənin və təbiətin bütün imkanlarında faydalana bilərsiniz. Əgər yolunuz düşərsə, hava çox sərin olduğu üçün isti geyim götürməyi unutmayın.
Şəlalədən qayıdanda Sım kəndində bir az gəzmək imkanımız oldu.
Burada sosial obyektlərdən tam orta məktəb, kitabxana, kitab köşkü, folklor evi, tibb məntəqəsi, məscid, bərbərxana, mağaza-dükanlar və ictimai-iaşə obyektləri var. Ən çox diqqətimi çəkən balaca kitab köşkü oldu. Buraya oxuduğunuz kitabları qoyub başqalarının da oxumasına fürsət yarada bilərsiniz. Köşk məktəblə üzbəüz qurulub. Kənd məktəbi olmağına baxmayaraq, təmiri çox üstün səviyyədədir. Deyilənə görə, təhsil sistemləri də yaxşıdır və oxuyan uşaqların sayı çoxdur. Bütün bunları eşidib sevindim. Kənd yerində oxumağın nə qədər çətin olduğundan xəbərdaram, məktəbə çata bilmək üçün hər gün kilometrlərlə yol qət edirsən. Amma əsas olan odur ki, sonda əziyyətlərinin qarşılığını ala biləsən…
Dağların qoynunda sakitcə yaşayan bu kiçik məkan sanki insana tələsməməyi, həyatın sadə gözəlliklərindən zövq almağı öyrədir. Burada nə şəhərin səs-küyü, nə də gündəlik qayğıların yaratdığı yorğunluq var.
Sım bəlkə də xəritədə kiçik bir nöqtədir. Amma bu kiçik nöqtənin içində böyük bir təbiət, zəngin tarix və unudulmaz mənzərələr gizlənir.

