• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda ilk dəfə lavanda bitkisi əkilir

    05

    mar

    Naxçıvanda ilk dəfə lavanda bitkisi əkilir

    Martın 5-dən başlayaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutu tərəfindən 1 hektar ərazidə lavanda bitkisi əkilir. Ümumilikdə bu bitkinin 13 min ədədinin əkini nəzərdə tutulub.


    Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində institutun direktor əvəzi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Seyidzadə söyləyib.


    “Naxçıvanda ilk dəfə lavandanın əczaçılıq və kosmetika sənayesi üçün qiymətli xammal mənbəyi olan anqustifolia növünün əkini aparılır. Tinglər lavandanın vətəni olan Bolqarıstandan gətirilib. Bu bitki efir yağları ilə olduqca zəngindir. Aqrotexniki qaydalara düzgün riayət edildiyi təqdirdə 1 hektardan 150 kiloqrama qədər yağ əldə etmək mümkündür. Həmin yağdan kosmetologiyada, dermatologiyada geniş istifadə olunur. Eyni zamanda, dəmləmə çayının insan orqanizminə ağrıkəsici, sakitləşdirici təsiri var, daxildəki dizhormoniyanı aradan götürür. Qaraciyər, öd yolları, həzm sistemi xəstəliklərində müalicəvi əhəmiyyətə malikdir”, - deyə Günel Seyidzadə qeyd edib.

    Günel Seyidzadə bildirib ki, bu bitki illərdir dünyanın bir çox ölkələrində o cümlədən, İtaliya, İspaniya, Ukrayna, Gürcüstanda əkilir. Azərbaycanın Abşeron, Qəbələ, Zaqatala bölgələrində elmi-tədqiqatlara cəlb olunub, quraqlığa davamlıdır. Bu mənada güman edilir ki, Naxçıvanın torpaq iqlim şəraitinə uyğunlaşacaq, gələcəkdə yüksək nəticələr verəcək.

    “Lavanda bitkisi, xüsusilə də onun anqustifolia növü arıçılıqda yüksək məhsuldarlığın əldə edilməsində istifadə olunur. Belə ki, bu bitkinin nektarından istifadə edən arılar keyfiyyətli və bol bal istehsal edirlər. Hətta həmin bala “Lavanda balı” da deyilir. Bitkinin yağı 3000 min il qala bilir. Qədim Misir fironu Tutanhamonun mumyasından bu yağın qalıqları tapılıb. Hazırda dünyada həmin yağın 70, 80 avro dəyərində satışı həyata keçirilir. Bu mənada gələcəkdə məqsədimiz lavandanın əkinini artırmaqla ixracına nail olmaqdır”, - deyə o əlavə edib.

    Naxçıvanda lavandanın əkini sınaq məqsədilə aparılır. Sınaq əkinin nəticələrinə uyğun olaraq gələcəkdə lavanda plantasiyalarının genişləndirilməsi nəzərdə tutulub.

    Tarix : 5-03-2024, 20:18 | Oxunub: 222