FAO Azərbaycan hökumətinin əsas tərəfdaşlarından biri kimi ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işlərə qoşulmaqdan məmnundur.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimində deyib.
O vurğulayıb ki, bu gün keçirilən sərgi aqrar sahənin inkişafı baxımından önəmlidir.
“Sərgi heyvandarlıq, quşçuluq, bağçılıq da daxil olmaqla müxtəlif sektorları bir araya gətirir və kənd təsərrüfatında rəqəmsallaşmanın vacibliyini vurğulayır. Bu, yerli və beynəlxalq tərəfdaşlar arasında əlaqələr qurmaqla yanaşı, ekspertlər, özəl sektor, fermerlər, eləcə də ümumi istehlakçılar üçün öz biliklərini, təcrübələrini bölüşmək üçün əla imkan yaradır”, - deyə Muhammad Nasar Hayat bildirib.
FAO nümayəndəsi qeyd edib ki, bu il noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Azərbaycan aqrar-sənaye sektorunda gördüyü innovativ işləri dünyaya nümayiş etdirmək imkanı var.