"Pakistan ölkələrin iqlim dəyişikliyi üzrə fəaliyyətləri haqqında informasiyaların cəmləşdiriləcəyi ümumi məlumat bazasının yaradılmasını təklif edir".
Bunu APA-ya açıqlamasında Pakistanın baş nazirinin iqlim dəyişikliyi məsələləri üzrə müşaviri Romina Xurşid bildirib.
"Biz təklif etdiyimiz məlumat bazasının yaradılmasını iqlim riskləri habelə, iqlim dəyişikliyinin səbəb olduğu iqtisadi risklər və V20 qrupuna daxil olan dövlətlərin dayanıqlığının artırılmasına dair tədbirlər üzrə informasiyanın toplanması baxımından yenilikdir. İqlim dəyişikliyi ilə mübarizə məqsədilə yaradılacaq bu mərkəzləşdirilmiş platforma V20 qrupu ölkələrinin bu problemin fəsadları ilə effektiv mübarizəsi, bu sahədə tələb olunan maliyyə resurslarının səfərbər olunması və nəticəyönümlü fəaliyyətin həyata keçirilməsi, eləcə də iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasına istiqamətlənib" – Romina Xurşid belə deyib:
O vurğulayıb ki, ölkəsinin təklif etdiyi məlumat bazası həssas təbəqədən olan əhalinin, iqtisadiyyatın, kritik cəhətdən əhəmiyyətli infrastrukturun qorunması istiqamətində kollektiv səylərin artırılması yolunda vacib bir addım olacaq:
"Bu məlumatların mərkəzləşdirilmiş qaydada toplanması onların həm iqlim dəyişikliyi sahəsində qərarların qəbulunda rol oynayan səlahiyyətli şəxslər, siyasətçilər və bu sahədə tədbirlərin planlaşdırılması ilə məşğul olan müvafiq orqanların əməkdaşları üçün əlçatanlığını, eləcə də iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə ayrılacaq vəsaitin səmərəliliyini və hesabatlılığını, V20 qrupuna daxil olan ölkələrdə dayanıqlığının təminatı istiqamətində kollektiv səylərin möhkəmləndirilməsi, eləcə də ölkələrin iqlim dəyişikliyinin təsirlərinə daha yaxşı hazırlaşmasını təmin edəcək. Bütün bunlar yekun nəticədə regionda dayanıqlı inkişafın təmin olunmasına şərait yaradacaq. V20 ölkələri risklərin birgə qiymətləndirilməsi, innovativ maliyyə mexanizmlərinin tətbiqi və iqlim problemlərinə daha çevik reaksiya tədbirlərinin həyata keçirilməsinə imkan verəcək".
Pakistanın hökumət nümayəndəsi vurğulayıb ki, ümumilikdə 1,7 milyard əhalisi və iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkən V20 ölkələrinin çoxu dənizin səviyyəsinin artması, habelə ekstremal hava şəraiti ilə də üzləşib.