Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax rayonu və Bakı şəhəri ərazisində qanunsuz əhəngdaşı hasilatı faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, araşdırmalar zamanı Qazax rayonu ərazisindəki “Həcərli Qaya” əhəngdaşı yatağında “İncəli Kiçik Müəssisəsi” MMC-nin vəzifəli şəxsləri və paytaxtın Qaradağ rayonu ərazisindəki “Güzdək” əhəngdaşı yatağında naməlum şəxs(lər)in vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahəsini zəbt etmələri və qanunsuz hasilat aparmaları nəticəsində təbiətə 109 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Aşkarlanan qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 188.1-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.