• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Tarix boyu “Parçala və hökmranlıq et” siyasətini rəhbər tutanlar indi Cənubi Qafqazda “sülh”dən dəm vururlar

    11

    fev

    Tarix boyu “Parçala və hökmranlıq et” siyasətini rəhbər tutanlar indi Cənubi Qafqazda “sülh”dən dəm vururlar

    Qədim yunan mifologiyasında tanrılardan odu oğurlayaraq insanlara bəxş edən Prometeyi cəzalandırmaq üçün Zevsin onu Qafqaz dağlarında zəncirləyərək əbədi işgəncələrə məhkum etdiyi bilinən əfsanədir. Həmin vaxtdan Prometeyin məşəli maarifləndirməni, zəncir isə zülməti ifadə edir. Acı həqiqət odur ki, tarixin bir çox anlarında zülmətin zənciri ilə mübarizə apararaq böyük oyunların mərkəzində yer almış Qafqaz regionu hər cür işğal, istibdad və irticaya şahidlik edib. Yerləşdiyi coğrafiyanın strateji önəmi, böyük İpək yolu və digər ticarət yollarının üzərində yerləşməsi, təbii resurslar baxımından zənginliyi ilə seçilən Qafqaz daim regional və kənar güclərin diqqətini cəlb edib. Sasanilərdən tutmuş monqollara, Qacarlardan tutmuş Rusiya imperiyası və daha sonra sovetlərə qədər bir çox dövlətlərin işğal siyasətinin tərkibində yer alan Qafqaz regionu çox zaman buradakı böyük geosiyasi oyunların qurbanına çevrilib. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində regional nüfuz uğrunda Britaniya, Rusiya, Fransa, Osmanlı, ABŞ rəqabəti, İkinci Dünya müharibəsi dönəmində Almaniyanın regiona olan iştahası, Sovet İttifaqı dağıldıqdan sonra da pərən-pərən olan keçmiş düzənin boşluqlarından istifadə etməyə çalışan regional və böyük güclərin geosiyasi oyunları Qafqazdan da yan keçməyib.

    Bu fikirlər Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidovun “Qərb dövlətləri Azərbaycanın yaratdığı geosiyasi reallıqları dəyişməyə müyəssər ola bilməyəcəklər” məqaləsində yer alıb.

    AZƏRTAC məqaləni təqdim edir: “Məhz bu oyunlar nəticəsində region növbəti dəfə zülmətin zənciri ilə qarşı-qarşıya qalıb. Budəfəki zəncirin adı “erməni işğalı” idi. Ərazilərimizin 20 faizinin işğalında, 1 milyona yaxın soydaşımızın öz torpaqlarından didərgin düşməsində, Xocalı, Başlıbel, Ağdaban qətliamlarının səbəbkarı yalnız Ermənistan deyil, həm də onun bu addımlarını dəstəkləyən, ona himayədarlıq edən və baş verənlərə göz yuman kənar güclərdir. Həmin dövlətlər və onların üzv olduqları təşkilatlar 30 il ərzində Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin həlli üçün guya vasitəçilik etmək istəsələr də, əslində, məqsədləri işğalı “fait accompli”, yəni, “baş vermiş fakt” kimi nəzərdən keçirərək öz məkrli oyunlarını davam etdirməkdir.

    Nəhayət o gün gəldi və 2020-ci ildə Azərbaycan təkbaşına, heç bir dövlətin yardımı olmadan 44 günlük Vətən müharibəsi ilə işğala son qoyaraq zülmətin zəncirini “Dəmir yumruğu” ilə sındırdı. Bu müharibə nəticəsində işğalı aradan qaldıran Azərbaycan 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə bölgədəki separatçılıq yuvasını darmadağın edərək öz suverenliyin tam bərpa etdi. Soyuq müharibədən sonrakı dönəmdə Cənubi Qafqaz regionunda tarixi və hüquqi ədaləti bərpa edən ilk ölkə kimi tarixə düşən Azərbaycan regionda yeni geosiyasi reallıqların təməlini qoydu. Hərçənd ki, tarix boyu bu və digər regionlarda öz geosiyasi ambisiyalarına nail olmağa çalışan kənar güclər bu reallıqları həzm edə bilməyərək Azərbaycana qarşı növbəti dəfə qərəzli və dekonstruktiv siyasət yürütməyə başladılar. Daha dəqiq desək, Rusiya-Ukrayna müharibəsi fonunda bölgədə müəyyən vakuumun yarandığını sezən bəzi Qərb dövlətləri müxtəlif bəhanələrlə, xüsusilə guya sülhə töhfə vermək adı altında regiondakı məkrli niyyətlərini reallaşdırmaq yoluna qədəm qoydular. Maraqlısı odur ki, tarix boyu “Parçala və hökmranlıq et” siyasətini rəhbər tutanlar indi Cənubi Qafqazda “sülh” dən dəm vururlar.

    Qərb dövlətləri pleyadasının başında ermənipərəst Fransa gəlir

    Həmin Qərb dövlətləri pleyadasının başında, heç şübhəsiz, ermənipərəst Fransa gəlir. İkinci Qarabağ müharibəsi bitər-bitməz Senatda Azərbaycan əleyhinə ədalətsiz qətnamənin qəbul olunmasından tutmuş BMT Təhlükəsizlik Şurasında (TŞ) erməni təəssübkeşliyinin carçısı rolunda çıxış etməsinədək, həmçinin Ermənistana silah tədarükündən tutmuş Azərbaycanı qondarma “etnik təmizləmə”, “işğal’ ittihamları ilə günahlandırmasına kimi baş verənlər Fransanın Ermənistanı əlində alət edərək Cənubi Qafqaza sülhdən çox növbəti münaqişə ocaqları gətirmək istəməsinin əlamətləridir. Otuz il ərzində ölkəmizə qarşı işğala, qətliamlara, dağıntılara susan Fransa hökuməti Makronun zamanında əndazəni aşaraq Azərbaycanı bəhs olunan cinayətlərdə ittiham etməyə çalışdı. Erməni diasporunun kirli pulları ilə anti-Azərbaycan siyasəti yürüdən fransız məmurlar və Makron hökuməti gündən-günə uçuruma yuvarlanan, hər gün etiraz dalğaları ilə iflic olan, irqçilik və islamofobiyanın baş alıb getdiyi, beynəlxalq arenada əvvəlki nüfuzundan əsər-əlaməti qalmayan Fransanı dirçəltmək əvəzinə, nədənsə Cənubi Qafqaza kökləniblər. Bəs nədir Fransanı regionumuza sürükləyən başlıca amillər? Birincisi, yuxarıda bəhs olunan erməni diasporunun pulu müqabilində onların sərsəm arzularını yerinə yetirmək istəyi. İkincisi, Afrikada Rusiya ilə geosiyasi rəqabət meydanında Mali, Niger, Burkina-Faso kimi ölkələrdə itirdiyi nüfuzunu və resurs mənbələrini digər regionlarda, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada bərpa etmək hədəfini reallaşdırmaq. Üçüncü amil isə Azərbaycanın Qoşulmama Hərəkatı və Bakı Təşəbbüs Qrupu çərçivəsində Fransanın neokolonializm siyasətini ifşa etməsidir.

    Cənubi Qafqazdakı kirli məqsədlərinə nail olmaq üçün rəsmi Paris Ermənistandan alət kimi istifadə edərək, bir tərəfdən guya Azərbaycan-Ermənistan sülh prosesində fəallıq göstərməyə çalışır, digər tərəfdən də İrəvanı silahlandıraraq bölgədə yeni münaqişə üçün zəmin yaradır. Xatırlatmaq lazımdır ki, məhz Fransanın “vasitəçilik təşəbbüsləri”ndən sonra Azərbaycan-Ermənistan sülh prosesi dalana dirəndi. Çünki Paris vasitəçiliyin ən mühüm prinsipi olan tərəfsizlik meyarını pozmaqla bərabər, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdi. Acınacaqlı haldır ki, 1954-1962-ci illərdə Əlcəzairdə 1,5 milyon insanı qətlə yetirən, 2 milyon insanı həbs düşərgələrinə göndərən, 8 min yaşayış məskənini yerlə-yeksan edən, uzun illər xalqı mina terroruna məruz qoyan Fransa bu gün Azərbaycana qarşı oxşar hərəkətləri yerinə yetirmiş Ermənistanı qınamaq əvəzinə, ölkəmizi “etnik təmizləmə”də ittiham edir. Halbuki Fransanın bəhs olunan regional planları və ambisiyaları puç olub gedir.

    Firəng qatarının Bakı səddini aşa bilməyəcəyini anlayan Makron hökuməti

    Azərbaycanla təhdid dilində danışmağın fayda verməyəcəyini və firəng qatarının Bakı səddini aşa bilməyəcəyini anlayan Makron hökuməti bu dəfə də Avropa qurumları vasitəsilə Bakıya qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə etməyə cəhd göstərdi. Əvvəlcə Avropa Parlamenti, daha sonra Avropa Şurası Parlament Assambleyasındakı ermənipərəst “qulbeçələr”i vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasına start verən Parisin istəyi bu dəfə də ürəyində qaldı. Azərbaycan nümayəndə heyəti AŞPA-nın ilk sessiyasında qurumun ölkəmizə qarşı diskriminativ yanaşmasına görə haqlı olaraq qurumda iştirakdan imtina etdi. Bu dəfə Fransadan başqa, almaniyalı deputatın da Azərbaycana qarşı ədalətsiz qərarı dəstəkləyən bəyanatlar səsləndirməsi bu ölkənin də beynəlxalq hüquq və tarixə laqeyd yanaşaraq erməni təəssübkeşlərinin siyahısına qoşulduğunu göstərmiş oldu. Reallıq odur ki, ölkəmiz 2001-ci ildə Avropa Şurasına daxil olduqda ən böyük gözləntisi qurumun Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə verməsi olsa da, AŞPA dəfələrlə Azərbaycana qarşı ikili standartlar və qərəz dolu qətnamələr qəbul edib, işğalçı Ermənistanla bağlı heç vaxt ciddi addımlar atmayıb. Sual yarana bilər ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və bütün beynəlxalq ictimaiyyət işğal faktını tanıyıbsa, Avropa Şurası niyə bununla bağlı adekvat addımlar atmayıb və əgər Qarabağdakı ermənilər könüllü şəkildə bölgəni tərk ediblərsə, - BMT missiyalarının hesabatları da bunu təsdiqləyir, - o zaman nə üçün 2023-cü ilin oktyabrında AŞPA-da ölkəmizi “etnik təmizləmə”də günahlandıran qərar qəbul edildi? Cavab isə yenə də Fransa daxil olmaq, bəzi Qərb dairələrinin Azərbaycanın yaratdığı geosiyasi reallığı qəbul etmək istəməməsi, məhz bu səbəbdən rəsmi İrəvanı dəstəkləyərək bölgədə yeni qüvvələr balansı yaratmağa cəhd göstərməsidir.

    Son vaxtlar Fransa, Almaniya azmış kimi, Niderlandın da Azərbaycana qarşı birləşən imperialistlər və kolonistlər siyahısına daxil olması Qərbin hələ də öz ampluasında olduğunun, imperial və kolonial çanaqlarından çıxmadığının göstəricisidir. Bu ölkənin parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, Ermənistana silah tədarükü, ölkəmizlə münasibətlərə yenidən baxılması kimi məsələlərin artıq bir neçə dəfə müzakirə olunması Niderlandın da bəzi Qərb dövlətləri kimi, Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı geosiyasi konyunkturadan qıcıqlandığına dəlalət edir.

    Yanvarın 18-də Niderland parlamentinin ikinci palatasının xarici əlaqələr komitəsindəki iclasda xarici işlər naziri Hanka Bruins Slotun dedikləri isə “bardağı daşıran məqam” oldu. Çıxışında ölkəmizə qarşı qərəzli bəyanatlar səsləndirən xanım Slot sanksiyalar məsələsini gündəmə gətirməklə yanaşı, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlı əsassız ifadələr səsləndirdi. Rəsmi Bakı isə cavabında bu cür bəyanatların, o cümlədən Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlərin ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbə olduğunu diqqətə çatdırdı. Eyni zamanda, Niderlandın Azərbaycanın daxili işlərinə qarışmasına cavab olaraq ölkənin xarici işlər nazirinin ölkəmizə səfəri təxirə salındı. Xanım Slot Bakıya guya Azərbaycan–Ermənistan arasında sülhə töhfə vermək üçün gəlmək niyyətinin olduğunu bildirsə də, əslində, məsələnin arxasında digər pərdəarxası məqamlar var. Birincisi xanım Slotun məhz indi, ölkədə yeni hökumətin formalaşması ilə bağlı partiyalararası müzakirələrin getdiyi dönəmdə ermənipərəst iddialar səsləndirməsi və bölgəyə səfəri onu göstərir ki, o, Niderlandın gələcək Baş naziri postuna ən real namizəd olan ifrat sağçı və xristian təəssübkeşi Gert Vildersin gözündə müsbət xallar qazanaraq yeni kabinetdə də təmsil olunmaq istəyindədir.

    Niderland Avropa İttifaqındakı “böyük qardaşı” Fransadan göstərişlər alır

    Qeyd etmək lazımdır ki, ötən ilin payızında Niderlandda baş tutan parlament seçkilərində qalib gələn Azadlıq partiyasının rəhbəri Vilders rasist, islamofob, şovinist bəyanatları ilə seçilən, ölkədə bütün məscidlərin və Quranın qadağan olunmasını təbliğ edən biridir. Bir sıra proqnozlara görə, onun hakimiyyətə gəlməsi Niderlandın qlobal və regional nüfuzunu xeyli aşağı salacaq. İkincisi, Niderlandın bu məsələdə Avropa İttifaqındakı “böyük qardaşı” Fransadan göstərişlər aldığını istisna etmək olmaz. Fransanın müxtəlif ölkələr və təşkilatlar vasitəsilə Cənubi Qafqaza təsir göstərmək istəməsi məsələsinə artıq toxunmuşuq. Üçüncüsü, həm Niderlandı, həm də digərlərini hiddətləndirən əsas məqam Azərbaycanın müstəqil siyasət yürütməsi, Qərb qonşusu kimi onun-bunun boyunduruğu altında olmamasıdır. Dördüncüsü, bölgədəki proseslərlə heç bir əlaqəsi olmayan, əvvəllər erməni işğalına göz yuman, indi isə Azərbaycanı Ermənistana hücum etmək niyyətinin olmasında ittiham edən, Fransa kimi öz kolonial keçmişindən dərs çıxarmayan Niderlandın bölgəyə sülh gətirmək istəməsi riyakarlıqdan başqa heç nə adlandırıla bilməz. Məşhur holland rəssamı Piter Breygelin “Niderland atalar sözləri” tablosunda belə bir ifadə var: “Heç zaman bir əlində od, digər əlində su gətirən birinə inanmayın”. İndiki halda da Azərbaycanın Niderlandın sülh çağırışları altında gizlənən erməni təəssübkeşliyinə inanmaq niyyəti yoxdur.

    Qərb ölkələrinin Azərbaycana qarşı birtərəfli şəkildə sanksiyalar qəbul etməsi real görünmür

    İstənilən halda, məqsəd nə olursa olsun, Fransa və Niderland Azərbaycanın yaratdığı geosiyasi reallıqları dəyişməyə, regionda öz məkrli planlarını həyata keçirməyə müyəssər ola bilməyəcəklər. Azərbaycan həm Fransanın, həm də digərlərinin bölgədəki proseslərə destruktiv müdaxiləsini, onların regiondakı neoimperial və postkolonial ambisiyalarını dərk edərək məqsədlərini gerçəkləşdirməsinə imkan vermir.

    Azərbaycan yaxşı anlayır ki, bu dövlətlər vaxtilə nüfuz sahib olduqları regionlara “məhşərin dörd atlısı”ndan, yəni, işğal, hərb, aclıq və ölümdən başqa heç nə gətirməyib. Sanksiya məsələsi ilə bağlı isə qeyd etmək lazımdır ki, indiki halda bu ölkələrin Azərbaycana qarşı birtərəfli şəkildə sanksiyalar qəbul etməsi real görünmür. Birincisi, ümumiyyətlə, Avropa İttifaqı–Azərbaycan münasibətləri, ikincisi isə Avropanın enerji təhlükəsizliyində ölkəmizin mühüm rolu nəzərə alınmalıdır. O ki qaldı, AŞPA-ya, bu qurum heç vaxt beynəlxalq münasibətlər sistemində ciddi təsisat hesab olunmayıb, qətnamələri məcburedici mexanizmlərdən məhrumdur, nüfuzu isə gündən-günə “əriməkdə”dir. Ona görə də Azərbaycanla bağlı həmin qərarlar kağız parçasından başqa bir şey deyil”.

    Tarix : 11-02-2024, 17:23 | Oxunub: 156