“Şərqi Qafqaz turunun reintroduksiyası” layihəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Ekologiya.az bildirir ki, lyihənin əsas məqsədi ölkəmizin təbii ekosistemləri üçün böyük əhəmiyyət kəsb edən Şərqi Qafqaz turu populyasiyasının bərpası, bioloji müxtəlifliyin qorunması və nadir növlərin təbii yaşayış mühitinə qaytarılmasıdır.
2023-cü ildə başlanmış reintroduksiya prosesi çərçivəsində xüsusi seçilmiş və uyğunlaşdırma mərhələsindən keçmiş 7 baş Şərqi Qafqaz turu Şahdağ Milli Parkı və Laçın rayonu ərazisində vəhşi təbiətə buraxılmışdır. Bu tədbir həmin ərazilərdə ekoloji tarazlığın bərpasına, təbii qida zəncirinin möhkəmləndirilməsinə və biomüxtəlifliyin zənginləşdirilməsinə xidmət edir.