• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanın yaşıl dünya gündəmi və ölkəmizdəki köç yollarının ekosistemdə rolu

    14

    may

    Azərbaycanın yaşıl dünya gündəmi və ölkəmizdəki köç yollarının ekosistemdə rolu

    Azərbaycan özünün qədim tarixi, adət-ənənələri, birgə yaşayış norma və qaydaları, milli-mənəvi dəyərləri, yerləşdiyi coğrafi və strateji mövqeyi ilə sivilizasiyaların qovuşduğu məkan kimi daim diqqət mərkəzində olub. Azərbaycanda son illər siyasi, sosial-iqtisadi, mədəni sahələrdə həyata keçirilən dərin islahatlar davamlı inkişafı təmin edib. Ölkəmizin bir sıra mötəbər forumlara, beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi ölkə rəhbərliyinin uğurlu daxili və xarici siyasət kursunun bəhrələridir.

    Ölkəmizin növbəti təşəbbüslərindən biri də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsi ilə bağlıdır. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsi barədə qərar ölkəmizin COP kimi dünyamiqyaslı hərəkatın ilk sırasında dayandığını bir daha bütün beynəlxalq birliyə çatdıran mühüm siyası mesajdır.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini, texnika elmləri üzrə fəlsəfə doktoru Azər Şükürovun “Azərbaycanın yaşıl dünya gündəmi (COP) və ölkəmizdəki köç yollarının ekosistemdə rolu” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

    Prezident İlham Əliyev COP29 kimi mötəbər tədbir üçün Bakının ev sahibi seçməsinin ölkəmizin dünyada nüfuzunun güclənməsi ilə izah edərək deyib ki, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilib: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq

    Azərbaycanın COP29 gündəliyi

    COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. Hələ 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Sazişi qəbul olunub. COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdəki 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək istiqamətində konkret addımlar atmaq üçün önəmli platformadır.

    Ötən il dekabrın 11-də COP28-in plenar iclasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsinə dair qərar qəbul olunub.

    Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb”.


    Azərbaycanın “yaşıl dünya” gündəmi

    Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və ölkə başçısı tərəfindən imzalanmış sənəd bu istiqamətdə təşəbbüsləri stimullaşdırmaq məqsədi daşıyır. Bu mənada “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın COP hərəkatına dəstəyinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidenti işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

    Prezident İlham Əliyev Azərbaycanın “yaşıl dünya” naminə gündəmini belə izah edib: “Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır”.

    “Yaşıl dünya” gündəmində köç yollarının rolu

    Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanda tarixən köç yolları mövcud olub. Həmin yollar ölkənin bütün coğrafiyasına yayılıb. O da məlumdur ki, köç yolları zaman-zaman xalqımızın milli məişət, yaşam tərzi ilə bağlı olub. İlin müxtəlif fəsillərində əhalinin dağlıq ərazilərə, yaylaqlara köç etməsi xalqımızın həyat tərzini formalaşdırıb. Köç yolları təkcə aran və yaylaqları birləşdirməyib, insanlarımız həm də təbii gözəlliklərdən, sulu çaylarımızdan, şirin sulu bulaqlarımızdan yararlanmqla ölkəmizin əsrarəngiz gözəlliklərinə, yaşıllıqlara, köç yollarındakı ərazilərə diqqət və qayğı ilə yanaşıb. Təbiətə tolerant münasibət xalqımızın həyat vərdişinə çevrilib.

    Köç yollarının əhəmiyyəti hazırda COP29-un yaşıl gündəliyində duran məsələlərlə həmahəngdir və bu sahədə Azərbaycanın malik olduğu potensial və tarixi təcrübə örnək göstərilə bilər.

    Köç yolları tarixi ərazilərimizdə ekoloji sabitliyin vacib komponenti kimi çıxış edib. Yəni, dağ və aranı birləşdirən yollar təbiətə, ekosistemə ziyan vurmadan mövcud olub və onun yaşı ölkəmizin yaşı qədər qədimdir. Tarixən formalaşmış bu mədəniyyət - kənd yerlərindən mal-qaranın xüsusi yollarla dağlara, yaylaqlara daşınması böyük həyati əhəmiyyət kəsb edib. Həmin yollarda təbii gözəlliklər daim qorunub. Köç yollarının əhəmiyyətli edən daha bir faktor hazırda dünyanın diqqət mərkəzində olan və ildən-ilə kəskinləşən su problemi ilə bağlıdır. Əslində köç yollarının mühüm əhəmiyyət daşıması həm də onunla bağlıdır ki, aran yerlərində yay mövsümündə su azalır, quraqlıq yaranır və buna görə də mal-qaranın köç yolları ilə yaylaqlara, dağlara daşınması həm iqtisadi cəhətdən, həm də aran ərazilərində ekosistemi qorumaq üçün böyük əhəmiyyət kəsb edir.

    Tarixi mənbələrə görə, elxanilər dövründə köç yolları Azərbaycanın Qarabağ bölgəsində geniş formalaşma mərhələsindən keçib. Şuşa qəzasında iki köç yolu mövcud olub: Kür sahilləri - Əsgəran vadisi və Xaçın yolu – Əylisli - Şuşa kəndi - Kirs dağı. İkinci yoldan Cavanşir qəzasının əhalisi də yararlanıb. Köç yolları Azərbaycanın aran əhalisini Laçın, Kəlbəcər, Xoşbulaq, Gədəbəy yaylaqlarına aparan əsas istiqamətlərdən olub.

    Köç yolları Azərbaycanda daxili əlaqə yollarından biri olaraq arandan dağa köçəndə istifadə edilirdi. Azərbaycanın Qərb bölgəsinin köç yolları Kür çayı üzərindəki keçidlərdən başlayır, düzənlik ərazilərdəki torpaq yollarında davam edir, yaylaqlara çatdıqca dağ çığır yolları ilə əvəzlənirdi. Qərb bölgəsinin köç yolları Kür çayından keçdiyi üçün mal-qara və qoyun-quzu çaydan balaca qayıqlar vasitəsilə keçirilirdi.

    Naxçıvan bölgəsinin Ordubad, Şahbuz və Culfa yaylaqlarına köç yolları ilə qalxan heyvandarlar uzun illər bu yollardan istifadə ediblər. Bu gün də həmin yolların bir qismindən istifadə edilir. Keçmişdə Azərbaycanın maldarlıqla məşğul olan hər bir bölgəsində müxtəlif istiqamətlərə gedən çoxlu köç yolları olub. Bu yollar maldarlarla yanaşı, kənd əhalisi üçün də müstəsna əhəmiyyət daşıyıb. Elmi tədqiqatlar sübut edib ki, mаl-qаrаnın yay aylarında yaylaqlara aparılması aran ərazilərində ekosistemin qorunmasına müsbət təsir göstərir.

    Azərbaycanın mühüm köç yollarından biri ölkənin şimalındakı Xınalıq köç yoludur. Təsadüfi deyildir ki, “Xınalıq və Köç yolu” 2023-cü il sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Əhəmiyyətli köç yollarından olan Xınalıq, eyni zamanda, təbiət resurslarından dayanıqlı istifadənin əhəmiyyətli nümunəsi hesab olunur. Qeyd edək ki, Azərbaycanın mədəni irsi üçün əhəmiyyəti nəzərə alınaraq köç yolunun yerləşdiyi ərazinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədilə 2023-cü il sentyabrın 4-də dövlətimizin başçısının Sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Beləliklə, köç yolunun yerləşdiyi ərazinin mühafizəsi həm də xalqımızın tarixən formalaşmış köçəri yaşayış ənənələrinin qorunub saxlanmasına xidmət edir.

    Azərbaycan ərazisində tarixən mövcud olmuş və indi də istifadə olunan köç yollarının keçdiyi ərazilərdə təbii landşaftın, bitki örtüyünün və su hövzələrinin, ekoloji tarazlığın qorunması istiqamətində görülən tədbirlər ümumən ölkəmizin COP prinsiplərinə sadiqliyini göstərir və bu sahədə qlobal hərəkata verdiyi töhfələrdir.

    Tarix : 14-05-2024, 20:26 | Oxunub: 386