Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov deyib.
A.Fərəcov bildirib ki, sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir.
“ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzilbaşına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir. Həyata keçirilən bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək”, - deyə o qeyd edib.