
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Asiya İnkişaf Bankının (AİB) işçi qrupu ilə görüş keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əməkdaşlıq imkanları və istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı qonaqlara, həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində aparılan işlər, məcburi köçkünlərin doğma yurda qayıdışı, eyni zamanda, komitənin fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini işğaldan azad olunmuş ərazilərin bərpası və həmin ərazilərə təhlükəsiz, könüllü, ləyaqətli qayıdış təşkil edir. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərə qayıdış davamlı xarakter daşıyır. Birinci xanım Mehriban Əliyeva da məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini, onların yaşayış şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.
Görüşdə qeyd edilib ki, Asiya İnkişaf Bankı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinə dəstək vermək niyyətindədir və bu sahədə əməkdaşlıq imkanlarını qiymətləndirməyi vacib sayır.
Dövlət Komitəsinin məsul əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırıb, əməkdaşlıq perspektivləri barədə rəy və təkliflərini bildiriblər.
Görüşdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, BMT-nin Məskunlaşma Proqramı - UN-HABİTAT-ın nümayəndələri də iştirak ediblər.