Dünyada temperatur getdikcə artır. Meteoroloqların son günlər haqqında danışdığı “heat dome” – yəni istilik qübbəsi məhz buna bənzəyir. Atmosferdə yaranan güclü yüksək təzyiq sahəsi isti havanı böyük bir ərazinin üzərində saxlayır, buludların əmələ gəlməsinə mane olur və günəş şüalarının yer səthini fasiləsiz qızdırmasına şərait yaradır. Nəticədə temperatur günbəgün yüksəlir, quraqlıq dərinləşir, meşə yanğınları və enerji böhranları artır. Hazırda Avropa məhz belə bir istilik qübbəsinin təsiri altındadır.

Musavat.com ABŞ mediasına istinadən xəbər verir ki, alimlər bunu təkcə növbəti isti yay deyil, qlobal iqlim sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.
Fransa, İspaniya, İtaliya, Almaniya və Böyük Britaniyada temperatur normadan 10-18 dərəcə yüksək qeydə alınır. Bir sıra bölgələrdə 40 dərəcə həddi keçilib. Britaniyada nadir hallarda tətbiq edilən qırmızı istilik xəbərdarlığı elan olunub, İtaliyanın onlarla şəhərində fövqəladə rejim tətbiq edilib, Fransada isə məktəblər bağlanır, nəqliyyat sistemləri məhdudiyyətlərlə işləyir. Maraqlıdır ki, söhbət yalnız insanların narahatlığından getmir. İstilik artıq dövlətlərin iqtisadiyyatını da vurmağa başlayıb. Avropada elektrik enerjisinə tələbat rekord səviyyəyə çatıb. Kondisionerlərin kütləvi istifadəsi enerji sistemlərinə əlavə yük yaradır. Böyük Britaniya və Almaniyada elektrik enerjisinin topdansatış qiymətləri son illərin ən yüksək səviyyəsinə yüksəlib. Fransada isə transformatorların sıradan çıxması nəticəsində minlərlə insan işıqsız qalıb.
Mütəxəssisləri daha çox narahat edən isə istilik qübbəsinin yeni formalaşmağa başlayan El-Ninyo hadisəsi ilə eyni vaxta təsadüf etməsidir.
BMT-nin Dünya Meteorologiya Təşkilatı xəbərdarlıq edir ki, 2026-cı ilin yayında El-Ninyo hadisəsinin yaranma ehtimalı 80 faizdən çoxdur, onun ilin sonuna qədər davam etmə ehtimalı isə 90 faizə yaxındır. ABŞ-ın İqlim Proqnozlaşdırma Mərkəzi artıq El-Ninyo şəraitinin formalaşdığını açıqlayıb. El-Ninyo Sakit okeanın ekvatorial hissəsində suyun normadan artıq isinməsi nəticəsində yaranır və bütün planetdə hava sistemlərini dəyişdirir. Tarix göstərir ki, güclü El-Ninyo illərində dünyanın müxtəlif bölgələrində quraqlıq, daşqın, meşə yanğınları və ərzaq böhranları kəskin artır.

"Reuters"in təhlilinə görə, xüsusilə qəhvə, kakao və şəkər istehsal edən ölkələr ciddi risk altındadır. Cənub-Şərqi Asiyada və Afrikada quraqlıq ehtimalı yüksəlir, Cənubi Amerikada isə əksinə, güclü yağışlar və daşqınlar gözlənilir. Bu isə dünya bazarlarında ərzaq qiymətlərinin yenidən bahalaşmasına səbəb ola bilər. BMT artıq 22 ölkədə yaşayan 8,8 milyon insanın El-Ninyo riskindən qorunması üçün təcili maliyyə proqramı hazırlayıb. Təşkilatın hesablamalarına görə, vaxtında tədbirlər görülməsə, milyonlarla insan ərzaq çatışmazlığı ilə üzləşə bilər.
Alimlər bildirirlər ki, istilik qübbələri və El-Ninyo əvvəllər də olub. Lakin bu dəfə vəziyyəti fərqləndirən amil qlobal istiləşmədir. Planetin orta temperaturu sənaye inqilabından bəri təxminən 1,3 dərəcə artıb. Bu səbəbdən eyni meteoroloji hadisələr əvvəlkindən daha dağıdıcı nəticələr verir.
Musavat.com xəbər verir ki, Britaniya mediasında dərc olunan təhlillərdə isə qeyd olunur ki, hazırkı istilər artıq 2003-cü ildə Avropada on minlərlə insanın ölümünə səbəb olmuş məşhur istilik dalğası ilə müqayisə edilir. Fərq ondadır ki, alimlər belə hadisələrin artıq istisna yox, yeni norma halına gəldiyini bildirirlər. Fransada günlərlə davam edən istilər nəticəsində onlarla insan həyatını itirib, yüzlərlə məktəb bağlanıb, bəzi enerji obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Avropanın ən məşhur turizm məkanlarında belə fəaliyyətə məhdudiyyətlər tətbiq olunur.
Azərbaycan da qlobal iqlim sistemindən kənarda deyil. Son illər ölkədə yay aylarında daha uzunmüddətli isti hava dalğaları, su ehtiyatlarının azalması və quraqlıq risklərinin artması müşahidə olunur. El-Ninyo və qlobal istiləşmənin eyni vaxtda təsiri Cənubi Qafqazda da temperatur rekordlarının yenilənməsi ehtimalını artırır.
Bu gün Avropanı bürüyən istilik qübbəsi əslində gələcəyin xəbərçisidir. Dünyanın aparıcı media qurumlarının son günlərdə yayımladığı materiallar göstərir ki, bəşəriyyət artıq hava haqqında gündəlik söhbətlərdən deyil, təhlükəsizlik, enerji, ərzaq və iqtisadiyyat məsələsindən danışır. Atmosfer üzərimizdə görünməz bir qapaq yaradıb və alimlərin əsas sualı "qapaq nə vaxt açılacaq və açıldıqdan sonra bizi hansı yeni ekstremal hava hadisələri gözləyəcək" şəklindədir.