Qlobal miqyasda Günəş enerjisi tutumu 3 teravatı keçib.

Ekologiya.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Solar Power Europe” məlumat yayıb.

Bildirilir ki, bununla da qlobal elektrik enerjisi tələbatında Günəş enerjisinin payı sürətlə artıb. Ötən il dünyada rekord göstəricidə - 664 giqavat yeni Günəş enerjisi tutumu istismara verilib. Bu rəqəm əvvəlki illə müqayisədə 12 faiz artım deməkdir. Ötən il əlavə edilən yeni bərpaolunan enerji tutumunun təxminən 80 faizi Günəş enerjisindən əldə edilib. Qlobal elektrik enerjisi ehtiyaclarının Günəş enerjisi ilə ödənilmə sürəti isə 5 il əvvəlki dövrlə müqayisədə 3 dəfə artıb.

Günəş enerjisi yeni bərpaolunan enerji investisiyalarının əsas hərəkətverici qüvvəsi olmağa davam edir. Bu enerji növü qalıq yanacaqların və nüvə enerjisi mənbələrinin ümumi yeni tutum artımını üstələyərək qlobal enerji keçidində aparıcı mövqeyini möhkəmləndirib.

Mütəxəssislərin fikrincə, bütün bu inkişaflar Günəş enerjisinin artıq sadəcə alternativ mənbə deyil, dünya enerji sisteminin fundamental elementinə çevrildiyini göstərir.