Qeyri-çimərlik ərazilərdə azyaşlı və gənclərin boğulması ilə bağlı ard-arda faciəli xəbərlər gəlir; əhaliyə çağırış - bu su hövzələrinə getməyin!
Son iki həftə ərzində qeyri-çimərlik ərazilərdə azyaşlı və gənclərin boğulması ilə bağlı ard-arda faciəli xəbərlər gəlir. Fövqəladə Hallar Nazirliyi (FHN) bildirir ki, yalnız son 14 gündə 7 nəfər çaylarda, göllərdə və kanallarda bataraq həyatını itirib.
Sonuncu faciə Şəmkir rayonunun Qədimqala kəndində yaşanıb. Göldə batmış 3 azyaşlının - 2016-cı il təvəllüdlü Fərdi Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Nadirli və 2021-ci il təvəllüdlü İsmayıl Nadirlinin meyitləri axtarışlardan sonra tapılıb və aidiyyəti üzrə təhvil verilib.
İyulun 3-də isə Beyləqan şəhəri ərazisindən keçən Xanqızı kanalında çimərkən batan 2011-ci il təvəllüdlü Əkbər Qasımlının meyiti sudan çıxarılıb. Sabirabadda da Kür çayında 19 yaşlı Bakı Biznes Universitetinin tələbəsi Eldəniz Məmiyev boğulub. O, maliyyə ixtisası üzrə 2-ci kursu yeni bitirmişdi.
Ağcabədidə isə Yuxarı Qarabağ kanalında daha bir faciə baş verib: 2007-ci il təvəllüdlü Anar Əmirov suya qərq olub.
FHN-in açıqlamasında vurğulanır ki, çimərlik üçün nəzərdə tutulmayan ərazilərin - kanalların, arxların, çayların, göllərin sualtı relyefi təhlükəli, axını sürətli, dərinliyi və şəffaflığı qeyri-müəyyəndir. Bu səbəblə belə yerlərdən istifadənin həyat və sağlamlıq üçün ciddi təhlükə yaratdığı bildirilir. Nazirlik əhalini, xüsusilə valideynləri xəbərdar edir: uşaq və yeniyetmələri nəzarətsiz buraxmayın, təhlükəsizlik qaydalarına əməl edin və çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən uzaq durun.
Hər il təkrar olunan bu faciələr bir daha göstərir ki, məsuliyyətsizlik başlıca səbəbdir. Amma uşaqlar və yeniyetmələrin həyatını xilas etmək üçün qabaqlayıcı tədbirlər də zəruridir. Xüsusilə Şəmkirdə həyatını itirənlərin hamısının azyaşlı olması məsuliyyətin daha çox böyüklərin üzərində olduğunu göstərir.
Hər kanala və ya arxa nəzarətçi təyin etmək əlbəttə mümkün deyil. Amma ən azından təhlükəli ərazilərə giriş məhdudiyyətləri qoymaq, xəbərdaredici lövhələr yerləşdirmək, müəyyən yerlərdə növbətçi xilasedicilər saxlamaqla bu qurbanların sayını azaltmaq olar.
Bu hadisələr bir daha göstərir ki, su hövzələrində təhlükəsizlik yalnız fərdi məsuliyyətlə deyil, həm də sistemli tədbirlərlə təmin olunmalıdır. Uşaqların həyatını qorumaq üçün hamımız üzərimizə düşəni etməliyik.
Aqşin Əlili
FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili “Yeni Müsavat”a bildirib ki, son 15 gün ərzində bu kimi qeyri-çimərlik ərazilərdə boğulma nəticəsində 11 suda boğulma faktı qeydə alınıb: “Bu su hövzələri mürəkkəb relyefə, sürətli axına, qeyri-məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malikdirlər. Belə hövzələr insanların həyatına ciddi təhlükədir. Biz bir daha əhaliyə, xüsusən valideynlərə müraciət edirik ki, nəzarətsiz qeyri-çimərlik ərazilərdən, o cümlədən bu kimi su hövzələrindən istifadə etməsinlər. Uşaqları və yeniyetmələri nəzarətsiz qoymasınlar.
Fövqəladə Hallar Nazirliyi hansısa ərazidə çimərlik təşkil etmir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yalnız ictimai çimərliklərdə təhlükəsizlik tədbirlərini həyata keçirir. Məsələn, sualtı müayinələr aparır, üzmə sərhədlərini müəyyən edən nişanlar, maarifləndirici lövhələr quraşdırılır, həmin ərazilərdə xilasetmə texniki vasitələr gətirilir ki, hansısa hadisə baş verəndə suda batan şəxslə bağlı ilkin müdaxilə edilsin. Nəzarət olunmayan ərazilərdə orada heç bir təhlükəsizlik tədbirləri görülmür. Mən bir məsələni də qeyd edim ki, hər yerdə çimərlik təşkil etmək mümkün deyil. Həmin ərazi çimərlik şərtlərinə cavab verməlidir. Suvarma kanalında beton piltələrdən istifadə olunur, suyun surəti olduqca sürətlidir, dərinlik 4-5 metr, bəzən isə daha artıqdır. Əlbəttə ki, belə bir ərazidə çimmək təhlükəlidir. Bu kimi su hövzələrində peşəkar dalğıc belə tək çıxa bilmir. Xüsusi avadanlıqlardan istifadə edir. Adi vətəndaşa isə lap çətin olar".
A.Əlili qeyri-çimərlik ərazilərə giriş qadağasından da danışıb: “Xəzər dənizinin Azərbaycan sahilinin uzunluğu təxminən 955 km-dir. Bundan əlavə, ölkəmizdə kifayət qədər süni göllər, su kanalları var. Bütün bu ərazilərə bir metrdən bir lövhə yerləşdirmək mümkün deyil. İnsanlar diqqətdə saxlamalıdırlar ki, xilasedici olmayan yerdə çimmək olmaz. Kür çayında dövlət tərəfindən nəzərdə tutulmuş çimərlik var. Onlar Yevlax, Şirvan və Sabirabad rayonlarında yerləşir. FHN olaraq həmin ərazilərdə təhlükəsizlik tədbirlərini həyata keçiririk. Mingəçevir Su Anbarının sahilinə də nəzarət edilir. Həmin relyef çimərliyə uyğundur və çimərlik şərtləri ilə təmin olunub. Amma bu o demək deyil ki, hər yerdə çimərlik təşkil etmək olar. Bunun üçün relyef ona imkan verməlidir”.
Elmar Nurəliyev
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qəzetə açıqlamasında deyib ki, hər il dünya üzrə 400 minə yaxın insan suda boğulur ki, bunun da 98 faizi qeyri-çimərlik ərazidə baş verir: “Ona görə də rəsmi icazə verilən ərazilərdə çimmək lazımdır. İlk tələb budur. Çünki fəaliyyətinə icazə verilən çimərliklərdə mövsüm başlamamışdan öncə suyun altına baxış keçirilir, relyef müayinə olunur, suyun tərkibi araşdırılır.Təhlükə riski olmadıqdan sonra insanlara çimməyə icazə verilir. Və həmin ərazilərdə xilasedicilər olur. Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin verdiyi statistika da göstərir ki, onların nəzarət etdiyi çimərliklərdə boğulma halı qeydə alınmayıb”.
Ekspert deyir ki, qeyri-çimərlik ərazisi olan su hövzələrinin hamısına qadağa lövhələri yerləşdirmək mümkün deyil: “Həmin ərazilərə yalnız maarifləndirici lövhələr qoyula bilər. Yaxud da qeyri-çimərlik ərazidə çimənlərin çox olduğunu nəzərə alıb hansısa tədbirlər həyata keçirmək olar. Xilasetmə xidməti təşkil etmək və ya oraya girişi məhdudlaşdırmaq olar. Lakin bütün su hövzələri boyunca xilasedici qoymaq mümkün deyil. İnsanlar əlverişsiz hava şəraitində çimərliklərə getməməlidirlər. Küləyin sürəti 10-12 metrdən artıq olarsa, spirtli içki qəbul edilən halda, qaranlıqda çimərliyə gedib çimmək təhlükəlidir”. Musavat.com