Son illərdə dünyanın bir çox bölgəsində olduğu kimi, Azərbaycanda da ani leysan yağışlarının daha tez-tez və intensiv şəkildə müşahidə olunması ciddi narahatlıq doğurur.
Qısa zaman ərzində yağan güclü yağışlar küçələrin su altında qalmasına, nəqliyyatın iflic olmasına, sel və daşqın riskinin artmasına səbəb olur. Bəs son illərdə ani leysan yağışlarının artmasının arxasında hansı amillər dayanır və bu dəyişiklik gələcək üçün hansı riskləri formalaşdırır?
Bu barədə biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev Ekologiya.az-a açıqlamasında deyib ki, ani leysan yağışlarının son illərdə daha tez-tez müşahidə olunması birbaşa qlobal iqlim dəyişiklikləri ilə bağlıdır:
“Lakin bu prosesə təsir edən tək amil qlobal istiləşmə deyil, bir neçə əlavə faktor da mövcuddur. Əsas səbəblərdən biri konveksiyanın artmasıdır. Konveksiya prosesi zamanı torpaq səthi qızır, su buxarı sürətlə yuxarı qalxır, soyuma baş verir və nəticədə 15-60 dəqiqə ərzində kütləvi şəkildə leysan xarakterli yağış formalaşır. Bu yağıntılar qısa müddətdə böyük həcmdə suyun yerə düşməsinə səbəb olur. Digər mühüm amillərdən biri böyük şəhərlərdə müşahidə olunan “istilik adası effekti”dir. Xüsusilə Bakı kimi iri şəhərlərdə asfalt, beton, daş və mərmər səthlər gün ərzində daha çox qızır. Bunun nəticəsində su buxarı yüksələrək atmosferin yuxarı qatlarında kondensasiya olunur və lokal, lakin güclü leysan yağışları yaranır”.
Ekoloq qeyd edib ki, qlobal istiləşmə də bu prosesə ciddi təsir göstərir:
“Mütəxəssislərin hesablamalarına görə, temperaturun hər 1 dərəcə artması havadakı su buxarının təxminən 7 faiz artmasına səbəb olur. Məsələn, temperatur normadan 3 dərəcə yüksəkdirsə, havadakı nəmişlik təxminən 21 faiz artır. Bu da atmosferin yuxarı qatlarında buludların daha sürətlə formalaşmasına və güclü yağıntılara şərait yaradır. Azərbaycanda coğrafi amillər də leysanların intensivliyini artırır. Xüsusilə Böyük Qafqaz və Talış dağları bu baxımdan mühüm rol oynayır. Dağ yamacları boyunca yüksələn isti hava kütlələri sürətlə soyuyaraq kondensasiya olunur və leysan şəklində yerə düşür.
Bundan başqa, qlobal iqlim dəyişiklikləri Azərbaycana təsir edən atmosfer cəbhələrinin dinamikasını da dəyişdirir. Əvvəllər sabit hesab olunan hava axınlarında yerdəyişmələr baş verir, bəzi cəbhələr zəifləyir, bəziləri isə güclənir və ya yeni təsir zonaları formalaşır. Ümumilikdə, Azərbaycanda illik yağıntının ümumi miqdarı kəskin dəyişməsə də, yağışların düşmə sürəti və intensivliyi artır. Bu isə sel, torpaq sürüşməsi, dolu və digər təbiət hadisələrinin daha tez-tez baş verməsinə səbəb olur”.
Aysel Muxtar