Birdəfəlik plastik məhsulların geniş istifadəsi ətraf mühitin çirklənməsini sürətləndirən əsas amillərdən biri kimi qiymətləndirilir. Xüsusilə plastik tullantıların təbiətdə yüz illərlə parçalanmaması ekosistemə, canlı aləmə və insan sağlamlığına ciddi təhlükələr yaradır. Bu səbəbdən dünyanın bir çox ölkəsində birdəfəlik plastik məhsulların istifadəsinin məhdudlaşdırılması istiqamətində qanunvericilik təşəbbüsləri irəli sürülür, alternativ və ekoloji cəhətdən təhlükəsiz məhsulların istifadəsi təşviq edilir. Azərbaycanda da plastik tullantıların həcminin azaldılması və ətraf mühitin qorunması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. 

Bu barədə ekoloq Sadiq Həsənov  Ekologiya.az-a açıqlamasında deyib ki, plastik tullantılar və plastik məmulatlardan həddindən artıq istifadə təkcə Azərbaycanda deyil, bütün dünyada ən ciddi ekoloji problemlərdən biridir:

“Məsələn, 1960-cı illərdə məişət tullantılarının cəmi təxminən 1 faizini plastik təşkil edirdisə, hazırda bu göstərici 20 faizi keçib və artmaqda davam edir. Azərbaycanda da son 10 ildə plastik torbalardan və birdəfəlik plastik qablardan istifadə sürətlə artıb. Bununla bağlı Azərbaycan Nazirlər Kabineti 2021-ci ildə 46 nömrəli qərar qəbul etdi. Həmin qərara əsasən, fevralın 15-dən etibarən supermarketlərdə və iri ticarət şəbəkələrində plastik torbalar pullu oldu. Daha sonra isə iyul ayından etibarən bəzi birdəfəlik plastik məmulatların istehsalı və istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq edildi. Bu, kifayət qədər müsbət və vaxtında atılmış addım idi. Qərardan sonra marketlərdə plastik torbalar 3, 5, 7, 8 və ya 10 qəpik qiymətinə satılmağa başladı. Lakin bu tədbirlərin davamı gəlmədi. Əsas problem ondan ibarət oldu ki, qaydalar bütün satış məntəqələrinə şamil edilmədi. Meyvə-tərəvəz satışı həyata keçirilən bazarlarda və kiçik ticarət obyektlərində plastik torbalar əvvəlki kimi pulsuz verilməyə davam etdi. Bu gün də həmin yerlərdə "pinqvin" adlanan nazik plastik torbalardan geniş şəkildə istifadə olunur”.


Ekoloqun sözlərinə görə, nəticədə gözlənilən effekt əldə edilmədi:

“Əgər 2021-ci ildə Azərbaycanda plastik torba istehsalı təxminən 17 min ton idisə, hazırda bu göstərici 20 min tona çatıb və artmaqda davam edir. Bu isə onu göstərir ki, qəbul olunan qərar istənilən nəticəni vermədi. Bunun əsas səbəblərindən biri alternativlərin yetərincə təşviq edilməməsidir. Plastik torbalardan imtina edilirsə, onların əvəzinə kağız torbalar, parça çantalar və digər ekoloji cəhətdən təhlükəsiz məhsullar əlçatan olmalı və geniş təbliğ edilməlidir. Təəssüf ki, bu istiqamətdə sistemli iş aparılmadı. Avropa ölkələrinin təcrübəsi bunu açıq şəkildə göstərir. Məsələn, İngiltərədə hələ 2014-2015-ci illərdə plastik torbaların satışı ödənişli edildi və bu qayda sonradan meyvə-tərəvəz bölmələrində istifadə olunan torbalara da şamil olundu. Ardınca Fransa, Almaniya və digər Avropa ölkələri də oxşar addımlar atdılar. Nəticədə insanlar alış-verişə öz parça çantaları və ya təkrar istifadə olunan torbalarla getməyə başladılar. Plastik torbaların istifadəsi tam dayandırılmasa da, əhəmiyyətli dərəcədə azaldı”.

Ekoloq əlavə edib ki, plastik tullantıların ən böyük təhlükəsi onların təbiətdə çox uzun müddət qalmasıdır:

“Bu materiallar torpaqda, çaylarda, göllərdə və digər su hövzələrində onilliklər, hətta bəzi hallarda yüz illərlə parçalanmır. Günəşin və atmosfer amillərinin təsiri altında da tam şəkildə utilizasiya olunmur. Onların yandırılması isə başqa problem yaradır. Plastik yandırılan zaman atmosferə dioksinlər, karbonmonoksid, karbon qazı və digər zərərli maddələr buraxılır. Bu qazlar həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi təhlükə yaradır. Artıq Azərbaycanda mövcud qaydaların daha da sərtləşdirilməsinə ehtiyac var. Bu tələblər yalnız iri supermarketlərə deyil, bütün ticarət obyektlərinə, o cümlədən bazarlara və kiçik satış məntəqələrinə də şamil edilməlidir. Eyni zamanda, plastik butulka istehsal edən şirkətlər, o cümlədən Coca-Cola, Pepsi və digər istehsalçılar istifadə olunmuş qabların geri toplanması və təkrar emalı sisteminin yaradılmasına daha fəal şəkildə qoşulmalıdırlar. Təəssüf ki, hazırda bu istiqamətdə hələ də ciddi irəliləyiş müşahidə olunmur”.

Aysel Muxtar