Yay fəslinin gəlişi ilə çimərliklər və ictimai hovuzlar insanların ən çox üz tutduğu məkanlara çevrilib. İsti havalarda sərinləmək və istirahət etmək istəyən minlərlə insan hər gün dəniz və hovuzlardan istifadə edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, gigiyena qaydalarına əməl olunmaması bəzi yoluxucu xəstəliklərin yayılması riskini artıra bilər. Xüsusilə dəri, göz, qulaq və mədə-bağırsaq infeksiyaları yay mövsümündə daha çox rast gəlinən problemlər sırasındadır. Eyni zamanda, çirkli su hövzələri və sanitar normalara cavab verməyən çimərliklər insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən çimərlik və hovuz seçərkən təhlükəsizlik və gigiyena amillərinə xüsusi diqqət yetirmək vacib hesab olunur. 

Bəs çimərliklərdə hansı xəstəliklərə yoluxmaq mümkündür və bu risklərdən qorunmaq üçün hansı qaydalara əməl edilməlidir?

Məsələ ilə bağlı tibb məsələləri üzrə ekspert Şahvələd Məmmədov Ekologiya.az-a bildirib ki, çimərlik mövsümündə dəniz kənarında ən təhlükəli hallardan biri suda boğulmadır:

“Bu səbəbdən insanlar dənizə daxil olarkən son dərəcə ehtiyatlı olmalıdırlar. Bakı şəhərində çimmək üçün yararlı çimərliklərin siyahısı açıqlanıb və əhalinin böyük hissəsi bu barədə məlumatlıdır. Eyni zamanda, bakteriya və mikroblarla çirklənmiş, çimmək üçün yararsız hesab olunan çimərliklərin də siyahısı mövcuddur. Bunlara Hövsan və Şıxov çimərlikləri də daxildir. İkinci təhlükəli məqam günvurmadır. Dəniz kənarında uzun müddət günəş altında qalmaq, xüsusilə “zaqar” almaq məqsədilə saatlarla günəş şüalarına məruz qalmaq müxtəlif xəstəliklərə səbəb ola bilər. Bu, dəri yanıqları, müxtəlif dəri xəstəlikləri və daha ciddi sağlamlıq problemləri yarada bilər”. 

Həkimin sözlərinə görə, son illərin tədqiqatları göstərir ki, 45 dəqiqədən və ya bir saatdan artıq birbaşa günəş şüaları altında qalmaq gələcəkdə dəri xərçəngi riskini artıra bilər:

“Bundan əlavə, infeksion xəstəliklərdən də qorunmaq vacibdir. Xüsusilə bağırsaq infeksiyalarına çirkab sularına yaxın, çirklənmiş çimərliklərdə rast gəlinə bilər. Belə ərazilərdə həm uşaqların, həm də böyüklərin yoluxma riski yüksəkdir. Bu səbəbdən çimərlikdə istirahət zamanı təhlükəsizlik və gigiyena qaydalarına ciddi əməl etmək lazımdır”.


Aysel Muxtar