İnformasiya müharibələrinin dövlətlərarası münasibətlərə təsirinin artdığı, süni intellektin media sektorunu kökündən dəyişdirdiyi, dezinformasiyanın isə qlobal təhlükəsizlik məsələsinə çevrildiyi bir dövrdə beynəlxalq media platformalarının əhəmiyyəti daha da yüksəlib. Məhz belə bir şəraitdə Azərbaycanın təşəbbüsü ilə yaradılan Şuşa Qlobal Media Forumu qısa müddətdə təkcə fikir mübadiləsi aparılan beynəlxalq tədbir deyil, həm də qlobal media gündəliyinin formalaşdırıldığı nüfuzlu platformaya çevrilib.

13-14 iyul tarixlərində keçiriləcək IV Şuşa Qlobal Media Forumu bu ənənənin növbəti davamı olacaq. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr edilən forum bir daha göstərir ki, Şuşada müzakirəyə çıxarılan məsələlər təkcə bu günün deyil, yaxın gələcəyin media gündəliyini müəyyənləşdirən istiqamətlərdir.
 

Qlobal trendləri qabaqlayan müzakirələr

Şuşa Qlobal Media Forumunun ən diqqətçəkən xüsusiyyətlərindən biri hər il seçilən mövzuların qlobal informasiya məkanında sonradan əsas müzakirə predmetinə çevrilməsidir.

2022-ci ildə keçirilən ilk Beynəlxalq Media Forumu "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusuna həsr edilmişdi. Həmin dövrdə media sektorunda rəqəmsal transformasiya yeni mərhələyə qədəm qoyur, süni intellekt texnologiyaları isə media sahəsində hələ yenicə tətbiq olunmağa başlayırdı. Forumda səsləndirilən fikirlər sonrakı illərdə dünyanın aparıcı media qurumlarının əsas fəaliyyət istiqamətlərinə çevrildi.

2023-cü ildə keçirilən I Şuşa Qlobal Media Forumu "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunu gündəmə gətirdi. O zaman süni intellektin xəbər istehsalına, rəqəmsal platformaların inkişafına və jurnalistikanın gələcəyinə təsiri ilə bağlı müzakirələr aparılırdı. Bu gün isə həmin mövzular artıq dünyanın bütün aparıcı media təşkilatlarının strateji prioritetləri sırasındadır.

2024-cü ildə təşkil olunan II Şuşa Qlobal Media Forumu isə dezinformasiyanın ifşası və yalan məlumatlarla mübarizəyə həsr olundu. Son bir il ərzində dünyanın müxtəlif bölgələrində keçirilən seçkilər, regional münaqişələr və geosiyasi qarşıdurmalar fonunda saxta xəbərlərin yaratdığı təhlükələr beynəlxalq təşkilatların əsas gündəminə çevrildi.
 

Şuşada iki il öncə müzakirə olunan bu mövzu qlobal informasiya təhlükəsizliyinin əsas istiqamətlərindən biri kimi qəbul edildi.


Şuşada verilən süni intellekt mesajı

2025-ci ildə keçirilən III Şuşa Qlobal Media Forumunda isə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusu diqqət mərkəzində idi.

Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçıları ilə görüşündə sözügedən məsələ ilə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkdi:

“Süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın”.

Ötən müddət ərzində baş verənlər göstərdi ki, bu mövzu təsadüfi seçilməmişdi. Bu gün süni intellekt artıq təkcə texnologiya sektorunun deyil, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Milyonlarla insan məlumat axtarışı, təhsil, səhiyyə, biznes, dövlət xidmətləri və media sahəsində süni intellekt əsaslı alətlərdən istifadə edir. Xəbərlərin hazırlanması, məzmunun fərdiləşdirilməsi, vizual materialların yaradılması və məlumatların təhlili kimi proseslərdə süni intellektin rolu sürətlə artır. Bununla yanaşı, dezinformasiya, "deepfake" texnologiyaları, müəllif hüquqları, etik normalar və informasiya təhlükəsizliyi ilə bağlı yeni çağırışlar da qlobal gündəmin əsas mövzularına çevrilib.
 

Məhz belə bir şəraitdə Şuşa Qlobal Media Forumunda seçilən uzaqgörən yanaşma özünü bir daha sübut edir. Forum süni intellekt məsələsini bu texnologiyanın bugünkü geniş tətbiqindən xeyli əvvəl beynəlxalq media ictimaiyyətinin əsas müzakirə predmetinə çevirməklə, qlobal trendləri qabaqlayan platforma olduğunu nümayiş etdirdi.


Bu gün dünyanın aparıcı media qurumlarının gündəmində olan etik istifadə, media məsuliyyəti və informasiya dayanıqlılığı kimi məsələlər hələ ötən il Şuşada geniş müzakirə olunurdu.

Bütün bunlar göstərir ki, Şuşa Qlobal Media Forumu mövzuları seçərkən yalnız mövcud vəziyyəti deyil, gələcək inkişaf meyillərini də nəzərə alır və media sektorunun strateji istiqamətlərini öncədən müəyyənləşdirən beynəlxalq platforma kimi çıxış edir.

Bütün bunlar göstərir ki, Şuşa Qlobal Media Forumu mövzuları seçərkən mövcud vəziyyəti deyil, gələcək tendensiyaları nəzərə alır və media sektorunun inkişaf istiqamətlərini öncədən müəyyənləşdirən beynəlxalq platforma kimi çıxış edir.

Dünyanın aparıcı media nümayəndələrini bir araya gətirən platforma

Şuşa Qlobal Media Forumunun beynəlxalq nüfuzunun ildən-ilə artması iştirakçı statistikasında da aydın görünür.

İlk forumdan etibarən dünyanın müxtəlif qitələrindən media rəhbərləri, informasiya agentliklərinin nümayəndələri, beynəlxalq təşkilatlar, ekspertlər və rəsmi şəxslər Şuşaya toplaşıb. Son üç ildə keçirilən forumlarda ümumilikdə 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi və ekspert iştirak edib.

2023-cü ildə keçirilən I Şuşa Qlobal Media Forumunda 50 ölkədən 150 xarici qonaq, dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu, həmçinin 60 yerli media nümayəndəsi iştirak edirdi.

2024-cü ildə II Forum artıq daha geniş beynəlxalq auditoriyanı əhatə etdi. Təxminən 50 ölkədən 150-dən çox xarici qonaq, 30-a yaxın informasiya agentliyi, 82 media qurumu və beynəlxalq təşkilatlar Şuşada bir araya gəldi.

2025-ci ildə keçirilən III Forum isə coğrafiyasını daha da genişləndirdi. 52 ölkədən 140-a yaxın nümayəndənin qatıldığı tədbirdə 30-dan çox informasiya agentliyi, 80-ə yaxın media qurumu, beynəlxalq təşkilatlar və müxtəlif sahələri təmsil edən ekspertlər iştirak etdilər.

Bu il keçiriləcək IV Şuşa Qlobal Media Forumunda isə dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Forum çərçivəsində 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox aparıcı media qurumu və 10-a yaxın beynəlxalq təşkilatın təmsil olunması platformanın nüfuzunun davamlı şəkildə artdığını göstərir. 

Müzakirədən praktik əməkdaşlığa
 

Şuşa Qlobal Media Forumu yalnız panel müzakirələri ilə məhdudlaşmır. Burada media sahəsində konkret əməkdaşlıq imkanları yaradılır, beynəlxalq əlaqələr genişlənir və yeni layihələrin əsası qoyulur.


İlk forum zamanı müxtəlif beynəlxalq layihələrin təqdimatı keçirildi, sərgilər təşkil olundu, televiziya jurnalistləri və fotoqraflar üçün peşəkar təlimlər reallaşdırıldı, çoxsaylı əməkdaşlıq sənədləri imzalandı.

Sonrakı forumlarda da bu ənənə davam etdirildi. Sərhədlərarası media əməkdaşlığı, informasiya agentlikləri arasında əlaqələrin genişləndirilməsi, media savadlılığının artırılması və innovativ texnologiyaların tətbiqi istiqamətində yeni təşəbbüslər irəli sürüldü.

Bu yanaşma Şuşa Forumunu klassik konfrans formatından fərqləndirərək onu real nəticələr doğuran beynəlxalq əməkdaşlıq platformasına çevirib.

Qlobal çağırışları qabaqlayan gündəlik

IV Şuşa Qlobal Media Forumunun mövzusu da dünyanın hazırkı geosiyasi reallıqları ilə tam səsləşir.

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusu təsadüfi seçilməyib. Müasir dövrdə davam edən münaqişələr fonunda informasiya manipulyasiyası, saxta xəbərlər və rəqəmsal platformalarda etimad böhranı təkcə media sektorunun deyil, bütövlükdə beynəlxalq münasibətlərin əsas problemlərindən biridir.

Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu, ictimai etimadın bərpası, dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq, təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi istiqamətlər müzakirə olunacaq.
 

Diqqətçəkən məqam ondan ibarətdir ki, bu mövzular əvvəlki forumlarda aparılan müzakirələrin məntiqi davamıdır. Beləliklə, Şuşa Qlobal Media Forumu hər il yeni istiqamətlər müəyyənləşdirməklə yanaşı, əvvəlki illərdə başlanmış müzakirələri də dərinləşdirərək qlobal media gündəmini ardıcıl şəkildə formalaşdırır.


Yüksək təşkilatçılıq beynəlxalq etimadı möhkəmləndirir

Şuşa Qlobal Media Forumunun uğurunun əsas səbəblərindən biri də onun yüksək təşkilatçılıq səviyyəsidir. Qısa müddət ərzində müxtəlif ölkələrdən yüzlərlə qonağın qəbul edilməsi, panel müzakirələrinin, ikitərəfli görüşlərin, mədəni proqramların və media tədbirlərinin yüksək peşəkarlıqla təşkil olunması artıq forumun fərqləndirici xüsusiyyətinə çevrilib.

Bu istiqamətdə Medianın İnkişafı Agentliyinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Hər il geniş iştirakçı auditoriyasının cəlb edilməsi, proqramın zənginləşdirilməsi və müzakirələrin praktik nəticələrə yönəldilməsi forumun beynəlxalq nüfuzunu davamlı şəkildə artırır.

Azərbaycan Prezidenti İlham Əliyevin forumlarda ənənəvi iştirakı və media nümayəndələri ilə açıq dialoqu isə tədbirin əhəmiyyətini daha da yüksəldən əsas amillərdəndir. Dövlət başçısının beynəlxalq jurnalistlərin suallarını ətraflı cavablandırması forumu təkcə peşəkar media müzakirələrinin deyil, həm də qlobal siyasi proseslərin açıq dialoq platformasına çevirir.

Şuşadan dünyaya uzanan media dialoqu

Artıq əminliklə demək olar ki, Şuşa Qlobal Media Forumu beynəlxalq media təqvimində özünəməxsus yer tutub. Burada müzakirə olunan mövzular sonradan qlobal media sektorunun əsas gündəminə çevrilir, irəli sürülən təşəbbüslər isə beynəlxalq əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir.

IV Forum da bu baxımdan əvvəlkilərin uğurlu davamı olacaq. Dünyanın onlarla ölkəsindən media nümayəndələrini yenidən Şuşada bir araya gətirəcək tədbir təkcə peşəkar fikir mübadiləsi üçün deyil, həm də həqiqətin qorunması, ictimai etimadın bərpası və sülh naminə media əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm beynəlxalq platforma rolunu oynayacaq.

Beləliklə, Şuşa artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, eyni zamanda qlobal media dialoqunun, beynəlxalq informasiya əməkdaşlığının və gələcəyin media trendlərinin müəyyənləşdirildiyi nüfuzlu mərkəz kimi də öz mövqeyini ildən-ilə daha da möhkəmləndirir.