İqlim dəyişikliyi, su çatışmazlığı və torpaqdan düzgün istifadə olunmaması Azərbaycanda səhralaşma riskini artıran əsas amillərdəndir. Bu prosesə yalnız kənd təsərrüfatı problemi kimi baxmaq düzgün deyil. Səhralaşma torpağın məhsuldarlığını azaldır, biomüxtəlifliyi zəiflədir, su ehtiyatlarına təzyiq yaradır və gələcəkdə yaşayış məntəqələrinin inkişaf imkanlarını məhdudlaşdırır.
İnşaat və şəhərsalma məsələləri üzrə ekspert Muxtar Ərturan Ekologiya.az-a bildirib ki, səhralaşma riski daha çox quraq və yarımsəhra iqlimə malik düzənlik ərazilərdə müşahidə olunur:
“Azərbaycanda xüsusilə Kür-Araz ovalığı, Abşeron yarımadası, Qobustan, Ceyrançöl-Acınohur zonası, Naxçıvan Muxtar Respublikası, Salyan düzü, cənub-şərqi Şirvan və Samur-Dəvəçi ovalığı daha həssas ərazilər hesab olunur. Mütəxəssis rəylərində də Naxçıvan, Kür-Araz ovalığı, Ceyrançöl-Acınohur, Qobustan və Abşeron yüksək səhralaşma zonaları kimi göstərilir. Bu ərazilərdə əsas problem təkcə yağıntının azlığı deyil. Torpağın şoranlaşması, suvarmanın düzgün aparılmaması, otlaq sahələrinin həddindən artıq yüklənməsi, yaşıllıq örtüyünün azalması, torpaq eroziyası və yeraltı-yerüstü su ehtiyatlarının səmərəsiz istifadəsi səhralaşmanı sürətləndirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də Azərbaycanın bəzi ərazilərində səhralaşma proseslərinin səbəbi kimi iqlim dəyişikliyi və insan faktorunu qeyd edir. Çıxış yolu yalnız ağacəkmə kampaniyaları ilə məhdudlaşmamalıdır. Ağacəkmə vacibdir, amma səhralaşmaya qarşı mübarizə sistemli torpaq və su idarəçiliyi tələb edir. İlk növbədə suvarma sistemləri modernləşdirilməli, ənənəvi və itkiyə səbəb olan suvarma üsulları mərhələli şəkildə damcı və yağmurlama suvarma sistemləri ilə əvəz olunmalıdır. Çünki düzgün qurulmayan suvarma həm su israfına, həm də torpağın şoranlaşmasına səbəb olur”.
Ekspert qeyd edib ki, digər vacib məsələ torpaqdan istifadə planlamasıdır:
“Kənd təsərrüfatı, otlaq, yaşayış, sənaye və infrastruktur sahələri elmi əsaslarla zonalaşdırılmalıdır. Hər torpaq sahəsi eyni yüklənməni daşıya bilməz. Xüsusilə Kür-Araz ovalığı və Abşeron kimi həssas zonalarda torpağın daşıma qabiliyyəti, su ehtiyatları və ekoloji balans nəzərə alınmadan aparılan fəaliyyət gələcəkdə daha böyük problemlər yarada bilər. Digər istiqamət otlaqların idarə olunmasıdır. Həddindən artıq otarma torpağın bitki örtüyünü zəiflədir və eroziyanı artırır. Buna görə otlaq sahələrində rotasiya sistemi, bərpa dövrləri və yüklənmə limitləri tətbiq olunmalıdır. Əsas məsələ qoruyucu yaşıllıq zolaqlarıdır. Külək eroziyasının güclü olduğu ərazilərdə meşə zolaqları, yerli iqlimə uyğun ağac və kol növləri, torpağı bərkidən bitki örtüyü artırılmalıdır. Bu yanaşma həm torpağı qoruyur, həm də mikroiqlimi yaxşılaşdırır. Sonuncu məsələ monitorinqdir. Səhralaşma riski olan rayonlarda torpağın rütubəti, şoranlaşma səviyyəsi, humus itkisi, bitki örtüyü və suvarma vəziyyəti mütəmadi ölçülməlidir. Müasir texnologiyalar — peyk müşahidəsi, rəqəmsal xəritələr və torpaq monitorinq sistemləri bu sahədə daha aktiv tətbiq olunmalıdır. Səhralaşma səssiz gedən, amma nəticəsi çox ağır olan prosesdir. Bu gün torpaq yorulursa, sabah kənd təsərrüfatı zəifləyir, suya tələbat artır, yaşayış məntəqələrinin gələcəyi risk altına düşür. Azərbaycan üçün əsas yanaşma belə olmalıdır ki, torpaq ehtiyatı tükənməz resurs kimi yox, qorunmalı milli sərvət kimi idarə olunmalıdır. Səhralaşmanın qarşısını almaq üçün suya qənaət, düzgün torpaq istifadəsi, yaşıllıq zolaqları, otlaq nəzarəti və elmi monitorinq bir-birindən ayrı yox, vahid dövlət və yerli idarəetmə strategiyası kimi həyata keçirilməlidir”.
Aysel Elnur