Son dövrlərdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) həyata keçirdiyi layihələr və görülən işlər ictimaiyyət tərəfindən müsbət qarşılanır. Ölkənin müxtəlif bölgələrində su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi, yeni infrastruktur layihələrinin icrası, sel və daşqın risklərinin azaldılması istiqamətində görülən tədbirlər, eləcə də içməli suya çıxış imkanlarının genişləndirilməsi agentliyin fəaliyyətinin səmərəliliyini göstərən əsas nümunələr kimi qiymətləndirilir. Xüsusilə son illərdə su təsərrüfatı sahəsində aparılan islahatlar və operativ yanaşma bu sahədə keyfiyyətcə yeni mərhələnin formalaşdığını göstərir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Ekologiya.az-a açıqlamasında qeyd edib ki, su ehtiyatları strateji resurs hesab olunur:
“Su mənbələrindən suyun toplanması və ondan səmərəli istifadə olunması təkcə bugünkü deyil, həm də gələcək nəsillər üçün strateji əhəmiyyət daşıyır. Buna görə də su ehtiyatlarının qorunması, istifadəsi qaydalarının müəyyənləşdirilməsi, su anbarlarının yenilənməsi və yeni su hövzələrinin formalaşdırılması olduqca vacib məsələlərdir. Sevindirici haldır ki, son bir neçə ildə bu istiqamətdə mühüm addımlar atılır. Bu tədbirlər təkcə əhalinin su ilə təminatı baxımından deyil, həm də keyfiyyətli içməli suya çıxışın genişləndirilməsi baxımından əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, eyni zamanda şəhər təsərrüfatı sahəsində həyata keçirilən islahatlar da, hesab edirəm ki, köklü xarakter daşıyır:
“Çünki bu islahatlar həm şirin su ehtiyatlarının itkisinin qarşısını almağa, həm də ölkəmizin drenaj şəbəkəsinin yenilənməsinə imkan yaradacaq. Bu isə şəhər təsərrüfatının daha səmərəli idarə olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin son dövrlərdə həyata keçirdiyi layihələr təkcə bugünkü tələbatın ödənilməsinə deyil, həm də gələcək nəsillərin su ehtiyatlarının təmin olunmasına hesablanmış strateji addımlardır. Bu fəaliyyət yüksək qiymətləndirilməlidir”.
Aysel Elnur