Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Könüllü Təşkilatlarına üzv könüllülərin iştirakı ilə “İqlim fəaliyyətində gənclərin rolu və iştirakı” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüş zamanı Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova iqlim dəyişmələrinin qlobal və regional təsirləri, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər, istixana qazı emissiyalarının azaldılması üzrə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, iqlim dəyişmələri ilə mübarizədə gənclərin və könüllülərin fəal iştirakı, ekoloji maarifləndirmənin gücləndirilməsi və dayanıqlı həyat tərzinin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Görüş çərçivəsində interaktiv qrup işi də təşkil olunub. İştirakçılar iqlim dəyişmələrinin biomüxtəlifliyə, su ehtiyatlarına, meşələrə, insan sağlamlığına və şəhər mühitinə təsirləri, həmçinin tullantıların azaldılmasının iqlim dəyişmələri ilə mübarizədə əhəmiyyəti mövzusunda tapşırıqlar üzərində işləyib, fikir və təkliflərini bölüşüblər.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan görüşün əsas məqsədi gənclərin iqlim sahəsində bilik və bacarıqlarını artırmaq, ekoloji məsuliyyət hissini gücləndirmək və onları iqlim fəaliyyətində daha fəal iştiraka təşviq etməkdir.