Yaşıllıqları zədələyən şəxslərlə bağlı tədbir görülüb
Paytaxtda ağac və kolların zədələnməsi faktları aşkarlanıb, fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub.
Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.
Noyabrın 17-də paytaxt ərazisində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Yeni Günəşli və Qaradağ rayonunun Lökbatan qəsəbələri ərazilərində ağac və kolların zədələnməsi faktları aşkar olunub. Ağac və kolları zədələdiklərinə görə Suraxanı rayonunda bir fiziki, Qaradağ rayonunda isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.