-380 dərəcə soyuq olacaq: Bu mesaj ölkəni ayağa qaldırdı
Qazaxıstanın şimalında yaşayan sakinlərə mənfi 380 dərəcə şaxta ilə bağlı xəbərdarlıq göndərilib.
Ekologiya.Az xəbər verir ki, Tele2 (Mobile Telecom-Service LLP) mobil operatorunun abunəçiləri vahid təcili xidmət nömrəsindən səhv mesaj alıblar.
“08.12.23 Şimali Qazaxıstan vilayəti ərazisində -380 dərəcəyə qədər şiddətli şaxta gözlənilir. 0-11-ci siniflər üçün dərslər ləğv edilir”, - deyə məlumatda bildirilir.
Qazaxıstanlılar sosial şəbəkələrdə bu qəribə mesaj barədə müzakirələr aparmağa başlayıblar.
“Tele2”-nin mətbuat xidməti bu poçt göndərişini texniki xəta kimi izah edib. "Xəbər bülletenində dərəcə (°) işarəsi 0 ilə əvəz edilib. Yanlış nömrə aşkar edildikdən sonra şiddətli şaxtaların baş verdiyi regionun bütün abunəçilərinə düzəliş göndərilib", - şirkətin mətbuat xidmətindən bildirilib.
Qazaxıstanın əksər bölgələrində bu həftə sonu şiddətli şaxtalar olub, hava mənfi 43 dərəcəyə qədər enib./Cebhe.info/