• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Cəbrayılın azad olunması müharibənin sonrakı gedişinə müsbət təsir göstərmişdi - ŞƏRH

    07

    okt

    Cəbrayılın azad olunması müharibənin sonrakı gedişinə müsbət təsir göstərmişdi - ŞƏRH

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunduğu günləri həmin ərazilərdə qeyd etməsi, məhz bu məkanlardan hazırkı dövrün çağırışlarını, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırması son dörd ilin qürurverici hadisələrindən hesab edilir. Səsləndirilən hər bir bəyanat tarixi Zəfərimizin, suverenliyimizin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. 4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Prezident İlham Əliyev çıxışında bir daha tarixi Zəfərimizin qəhrəmanlarının Vətən, torpaq sevgisindən, böyük şücaət göstərmələrindən bəhs etdi. Vurğuladı ki, Cəbrayıl ilk azad edilən şəhər idi. Cəbrayılın azad olunması müharibənin sonrakı gedişatına müsbət təsir göstərdi, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltdi. Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirildi. Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatdı və yolumuz Şuşa, Zəngilan və Qubadlı istiqamətinə açıldı. Müzəffər Ordumuzun Zəfər yürüşü bundan sonra daha sürətlə getdi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.


    Ekologiya.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

    İkinci Qarabağ müharibəsinin Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin dünyaya təqdimatı olduğunu deyən deputat əlavə edib: “Azərbaycan 30 il ərzində dünyadan ədalət gözlədi. Lakin ikili standartlara əsaslanan siyasətin nəticəsi olaraq maraqlar ədaləti və beynəlxalq hüququ üstələdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev sözügedən çıxışında diqqəti həmin dövrün reallıqlarına yönəldərək bildirdi ki, Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilmədi. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozdu, torpaqlarımızın təxminən 20 faizini işğal etdi, etnik təmizləmə siyasəti apardı, Xocalı soyqırımını törətdi, bütün şəhər-kəndlərimizi viran qoydu. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular”.


    Malik Həsənov vurğulayıb ki, hazırda tarixə qovuşan Qarabağ probleminin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi də daim dövlətimiz tərəfindən səsləndirilib. Prezident İlham Əliyev çıxışında “Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti bundan ibarət idi”, - fikirləri ilə qurumun 28 illik fəaliyyətinin aydın mənzərəsini təqdim etdi. Azərbaycan ən yüksək tribunalardan ikili standartlara son qoyulmasına, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar edir. Tarixi Zəfərimiz, onun ardınca suverenliyimizin tam bərpa edilməsi bir daha sübut etdi ki, ədalət var, bunun bərpasına nail olmaq üçün səylər göstərmək, qətiyyətli addımlar atmaq lazımdır. Bu reallıq Prezident İlham Əliyevin Bakıda Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında da xüsusi qeyd edilir ki, Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır. Heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz.

    Azərbaycanın mövqeyinin hər zaman birmənalı, qətiyyətli və dəyişməz olduğunu diqqətə çatdıran deputat deyib: “İkinci Qarabağ müharibəsini şərtləndirən amillər məlumdur. Bu gün artıq böyük qürur hissi ilə torpaqlarımızın dirçəldilməsindən, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışından bəhs edirik. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində açılışında, təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir ki, işğaldan azad edilmiş bütün ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaransın. Prezident İlham Əliyev sözügedən çıxışında qeyd etdi ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Bərpa-quruculuq işləri ilə yanaşı, bu torpaqlara qayıdacaq soydaşlarımızın məşğulluq məsələləri də diqqətdədir. Cəbrayıl rayonuna səfər çərçivəsində beş yeni müəssisənin təməlinin qoyulması da bunun bariz nümunəsidir. Bu vaxta qədər “Araz Vadisi Sənaye Zonası” Sənaye Parkında 10-a yaxın müəssisənin təməli qoyulub. Bir müəssisə artıq fəaliyyətdədir. Yeni təməli qoyulan müəssisələrdə mindən çox insan çalışacaq”.

    Tarix : 7-10-2024, 17:31 | Oxunub: 1 256