Enerji keçidi və enerji səmərəliliyinin dünya ölkələrinin siyasi və iqtisadi gündəliyinin prioritet məsələsinə çevrildiyi həssas dönəmdə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox mühüm əhəmiyyətə malikdir. Bu mötəbər tədbir Paris Sazişinin 6-cı maddəsi üzrə iddialı nəticələrin əldə olunması, məqsədlərə nail olunmasında şəffaflıq, əlçatanlıq və ədalətin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kafedra müdiri, tanınmış sosioloq Ağamalı Məmmədov söyləyib.
Hazırda yeni gündəmin yetişdiyini və qlobal problemlərin çoxaldığını deyən A.Məmmədov əlavə edib ki, problemin həlli yolları haqda preventiv və müdrik siyasət yürüdən ölkələrin mütəxəssisləri ciddi səylə çalışırlar. Qlobal problemlər fonunda yeni nəsillərin həyat imkanları və gələcəyi narahatlıq doğurur. Müharibələr, münaqişələr, iqlim dəyişmələri bəşəriyyətin gələcəyi üçün təhdidlər yaradır. Təhdidlərlə mübarizə isə qarşıya bir sıra mühüm vəzifələr qoyur.
“Bir dəfə ABŞ-ın “Life” jurnalının keçirdiyi müsabiqədə qalib adını hər hansı alim və ya şair deyil, sadə əkinçi qazanmışdı. Bu hadisə məni düşünməyə vadar etdi. Demək ki, Dekartın sözləri ilə desək, düşünmək üçün yaşamaq lazımdır. Bəzən fikirləşirsən, insan niyə yaşayır və özündən sonra nə qoyub gedir? Təbiət onun üçün yaradılıb, ya o, təbiət üçün yaradılıb? Erix Frommun 1976-cı ildə yazdığı “Sahib olmaq ya da olmaq” adlı məşhur əsərində deyildiyi kimi, əgər insan “sahibi olan” şeylərdən ibarətdirsə, onları itirəndə o, özünü də itirəcək və kim olduğunu bilməyəcək. Həyatı düzgün yaşamamaq, sahib olduqlarının qədrini bilməmək, ətrafındakılara laqeyd münasibət fəsadlara aparıb çıxarır.
Hazırda vəziyyət çox mürəkkəbdir və mürəkkəblik hadisələrə yeni yanaşma tələb edir. Dünya ölkələri noyabrın 11-22-də Azərbaycanda keçiriləcək COP29-a da məhz bu səbəblərdən yığışırlar. Bu tədbirdə əsas diqqətin məhz inkişaf etməkdə olan ölkələrə yönləndirilməsi, qlobal istiləşmənin mənfi təsirinə daha çox məruz qalan ölkələrin sosial-iqtisadi və maliyyə tələbatlarının ödənilməsi gündəmin əsas mövzuları olacaq”, - deyə MDU-nun kafedra müdiri vurğulayıb.
O təəssüflə bildirib ki, bəzilərinin Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı qarayaxma kampaniyası aparması anlaşılan deyil. Dünyamız ciddi imtahan qarşısındadır, həyatı, insanları bizi gözləyən təhdidlərdən qorumağın nəyi pisdir? Bu ki, gözəl təşəbbüsdür. Bu işə dəstək olmaq əvəzinə, mane olmaq başadüşülən deyildir. Ekoloji tarazlıq, ətraf mühitin mühafizəsi etirazlarla, mitinqlərlə həll olunmur. Belə ciddi məsələlər bir yerə yığışıb danışmaq, müzakirə etmək, yeni yollar axtarmaqla həll olunur.
İnsanın genetik kodunun qorunması və bəşəriyyətin birgəyaşayış formulunun dəyişdirilməsindən danışan sosioloq böhrandan çıxış yolu kimi texnologiya, mədəniyyət və elmin rolunu qeyd edib.
“Mənim üçün fəxrdir ki, doğma Azərbaycanda, paytaxt Bakıda dünyanın qlobal problemlərindən biri – iqlim dəyişmələri ilə mübarizəyə həsr edilmiş COP29 tədbiri keçiriləcək. Belə mötəbər tədbirə ev sahibliyi etmək çox ciddi və məsuliyyətli işdir, amma inanırıq ki, Prezident İlham Əliyevin əzmi, iradəsi və yürütdüyü siyasət nəticəsində Azərbaycan COP29-a da uğurla ev sahibliyi edəcək və Bakıda iqlim dəyişmələri ilə əlaqədar məsələlərin həlli yolu tapılacaq. Çünki Azərbaycan, Bakı qlobal kommunikasiya məkanında yeni mem formalaşdırmağa müvəffəq olub. Çünki Azərbaycan, Bakı demək 44 günlük Vətən müharibəsində Zəfər, neokolonializmdən əziyyət çəkənlərin haqqının müdafiəsi deməkdir. İnanırıq ki, Azərbaycan yeni memlər yaratmaqda davam edəcək”, - deyə Ağamalı Məmmədov vurğulayıb.