Britaniyalı molekulyar bioloqlar kliniki sınaqların birinci fazası çərçivəsində nəzarət olunmayan iltihablı reaksiya nəticəsində koronavirusun ən ağır formasının inkişafı zamanı pasiyentləri ölümdən müdafiə edən hüceyrə terapiyasını işləyib hazırlayıb və uğurla sınaqdan keçiriblər.
Ekologiya.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Anqlia Ruskin Universitetinin (ARU) mətbuat xidməti bildirib.
“Apardığımız təcrübələr göstərdi ki, koronavirusun ağır forması olan pasiyentlərin bədəninə hüceyrə terapiyasının tətbiqi onların orqanizmində iltihabların səngiməsinə gətirib çıxarıb. Nəticədə bu pasiyentlərdə çox az hallarda sətəlcəm inkişaf edib və onlarda nəzarət qrupundakı xəstələrlə müqayisədə virusdan daha az ölüm halları baş verib”, - ali məktəbin mətbuat xidməti ARU-nun professoru Castin Stebbinqin sözlərindən sitat gətirir.
Tədqiqatçılar belə adlandırılan NKT-hüceyrələrin bazasında qurulan hüceyrə terapiyasının kliniki sınaqlarının birinci fazası çərçivəsində bu qənaətə gəliblər. Onlar özlərində T-hüceyrələrin və NK-hüceyrələrin funksiya və əlamətlərini birləşdirən immun sistemi hüceyrələrinin alt növlərindən biridir, orqanizmin müxtəlif bakterial infeksiyalara ilkin reaksiyasında mühüm rol oynayır, eləcə də immunitetin həddən artıq yüksək fəallığının səngiməsinə cavab verirlər.
Alimlər ehtimal edirdilər ki, belə hüceyrələrin bakteriyalarının COVID-19 virusunun ağır formasının daşıyıcılarının orqanizminə yeridilməsi zəifləmiş T-hüceyrələrinin rezervuarının bərpasına gətirib çıxaracaq, nəticədə bədən infeksiya ilə daha fəal mübarizə aparmağa başlayacaq və iltihabın inkişafına təkan verən siqnal molekullarını daha az hasil edəcək. Professor Stebbinq və onun həmkarları koronavirusun ağır forması olan 25 könüllü üzərində bu terapiyanı sınaqdan keçiriblər.
Onların apardıqları müşahidələr və sınaqlar göstərib ki, iNKT-hüceyrələrin inyeksiyaları pasiyentlərin 70 faizinin həyatını xilas etməyə kömək edib, halbuki nəzarət qrupundan yalnız 10 faiz xəstə sağ alıb. Bununla yanaşı, hüceyrə terapiyası bakterial sətəlcəmin inkişaf tezliyini 80 faiz aşağı salıb və oksigeni birbaşa qan damarına yeridən ECMO sisteminə qoşulan xəstələrin sağ qalma ehtimalını 57 faiz yüksəldib.
Professor Stebbinqin qeyd etdiyi kimi, hüceyrə terapiyasının yoxlanmasının birinci fazasının uğurla başa çatması əhəmiyyətli şəkildə böyük sayda pasiyentlərin iştirakı ilə randomizasiya olunmuş kliniki sınaqların aparılmasına yol açır. Bu eksperimentlər koronavirus infeksiyasının ağır forması olan pasiyentlərin həyatını xilas etmək üçün iNKT-hüceyrələrinin geniş tətbiqinə şərait yaradacaq.
COVID-19 virusunun ən ağır forması bəzi hallarda “sitokin qasırğası” ilə müşayiət olunur. Həkimlər və bioloqlar anadangəlmə immunitetin həddən artıq fəal reaksiyasından yaranan güclü iltihablı prosesi belə adlandırırlar. Bu reaksiyanın işə salınması onunla nəticələnir ki, immun hüceyrələri ağciyər toxumalarını zədələməyə başlayır və bu da onların işinə mane olur, çox vaxt sətəlcəmin ağır formasının inkişafına və pasiyentin ölümünə gətirib çıxarır.