Beynəlxalq Sıfır Tullantı Günü ilə əlaqədar gənclər arasında sıfır tullantı həyat tərzini qəbul etməyin vacibliyini vurğulamaq, onları tullantıların düzgün idarə olunması strategiyaları barədə məlumatlandırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
“Təmiz gələcək: sıfır tullantı yolunda” mövzusunda keçirilən görüşdə könüllülərə tullantıların idarə olunması sahəsində ölkəmizdə görülən işlər, dünya təcrübəsi, davamlı inkişafın təmin olunmasında gənclərin rolu istiqamətlində məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra gənclər qruplara bölünərək müxtəlif mövzular ətrafında qrup işi həyata keçirib. Qrup işinin qaliblərinə simvolik hədiyyələr təqdim olunub.
Tədbir Beynəlxalq Sıfır Tullantı Gününün "Moda və tekstil sahəsində sıfır tullantıya doğru" mövzusuna uyğun olaraq sənədli filmin nümayişi ilə davam edib.
Ekologiya.az