Güclü küləklə müşayiət olunan intensiv yağışlarla əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində Rayon Fövqəladə Hallar üzrə Komissiyasının iclası keçirilib, rayon üzrə xüsusi riskli ünvanlar müəyyən edilib. İclas zamanı Abşeron RİH-in gücləndirilmiş iş rejiminə keçdiyi vurğulanaraq, qeyd olunan təbiət hadisəsi zamanı rayon ərazisində subasmaya məruz qalma ehtimalı olan ünvanların, o cümlədən daşma təhlükəsinə qarşı su anbarlarının və göllərin, avtomobil yollarının diqqətdə saxlanılması əsas müzakirə mövzusu olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, kommunal xidmət sahələri (elektrik, qaz, su və digər) rəhbərlərinə, eyni zamanda, rayonun şəhər, qəsəbə və kənd bələdiyyə sədrlərinə, icra nümayəndələrinə aidiyyəti üzrə konkret tapşırıqlar verilib.
Təbii hadisələr zamanı ziyan görəcək sakinlərin müvəqqəti yerləşdirilmələri üçün rayonun bir neçə ərazisində sığınacaqlar təşkil edilib. Belə ki, sakinlər üçün təcili və təxirəsalınmaz qaydada yerləşdirilməsi məqsədilə Xırdalan şəhərində 2 ünvanda olmaqla, rayonun Saray və Mehdiabad qəsəbələrində, Görədil, Novxanı, Məmmədli, Fatmayı kəndlərində, Ceyranbatan qəsəbəsində müvəqqəti sığınacaqlar yaradılıb. O cümlədən ərazilər üzrə daşqına qarşı və təxliyə üçün texnikalar, həmçinin xüsusi mülkiyyətdə olan özəl xidmət sahələri ilə texnikaların sayı müəyyən edilərək ərazilərə cəlb edilib.
Güclü külək nəticəsində rayon ərazisində 21 ağac aşıb, qəzalı vəziyyətdə olan və aşmış ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə Abşeron Rayon Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən ərazidən götürülüb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Su Ehtiyatları Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin və digər dövlət strukturlarının gərgin fəaliyyəti ilə fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Baş verəcək fəsadlara çevik reaksiya verilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində “qaynar xətt” (342-40-00) fəaliyyət göstərir. Sakinlərdən son günlər davam edən küləkli və intensiv yağıntılı hava şəraiti ilə əlaqədar fövqəladə hallarla rastlaşdıqları təqdirdə qaynar xəttə müraciət etmələri xahiş olunur.