İmişli rayonunda karxanaların fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə və bəzi media platformalarında yayılan iddialara aydınlıq gətirmək məqsədilə Ekologiya.az-ın əməkdaşları ərazidə araşdırma aparıblar.

Araşdırma zamanı əldə olunan məlumata görə, yayılan iddialar öz təsdiqini tapmayıb. Bildirilib ki, İmişli rayonunda son illərin nəzarət tədbirlərin nəticəsi olaraq  qanunsuz fəaliyyət göstərən karxanalar bağlanıb və hazırda ərazilərdə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

Məlumata əsasən, "Zamin X" MMC-yə məxsus karxana isə qanunvericiliyin tələblərinə uyğun şəkildə fəaliyyət göstərir.

MMC-nin iş icraçısı Nicat müəllim Ekologiya.az-a açıqlamasında bildirib ki, müəssisə yalnız qanuni şəkildə ayrılmış ərazidə işləyir və fəaliyyət zamanı yaşıllıqlara ziyan vurulmur:


"Biz yalnız bizə ayrılmış qanuni ərazidə fəaliyyət göstəririk və heç bir yaşıllığa toxunmuruq. Kimsədə bunun əksini sübut edən konkret fakt varsa, birlikdə yerində araşdırmağa hazırıq. Lakin heç bir fakta söykənmədən həqiqəti əks etdirməyən məlumatların yayılması düzgün deyil."

Ekologiya.az bildirir ki, ekoloji xarakterli iddiaların ictimailəşdirilməsindən əvvəl onların rəsmi qurumların və aidiyyəti tərəflərin mövqeyi əsasında dəqiqləşdirilməsi cəmiyyətin düzgün məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.