• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Aşağı Malıbəy” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerji istehsal olunacaq

    29

    may

    “Aşağı Malıbəy” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerji istehsal olunacaq

    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hidro yaşıl enerji layihələri sayəsində bu günədək istismara verilən 32 və artıq istismara hazır olan 6 stansiyanın işə salınması nəticəsində su elektrik stansiyalarının sayı 38-ə, onların gücü isə 307 MVt-a çatdırılıb.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, su elektrik stansiyalarında istehsal olunan yaşıl enerji hesabına illik 200 milyon kubmetrədək təbii qaza qənaət edilir və 400 min tonadək karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınır.

    “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin direktoru Ramiz Vəliyev bildirib ki, yeni istifadəyə verilən “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyaları Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə olan “Aşağı Malıbəy” və 3,5 MVt gücünə malik “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub.

    Onun sözlərinə görə, “Aşağı Malıbəy” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub. Bu isə öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq. Yeni istismara verilən stansiyalarda Laçın rayonunun sakinləri çalışacaqlar.

    Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də Laçında “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Aşağı Malıbəy” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışında iştirak edib.

    Tarix : 29-05-2025, 16:11 | Oxunub: 240