Laçındakı kiçik su elektrik stansiyası "sıfır" tullantı siyasətinin əyani nümunəsidir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında "Malıbəy" KSES-in təməlqoyma mərasimində deyib.
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "sıfır tullantı" zonası elan olunub və bu gün Laçın rayonunda təməli qoyulan "Malıbəy" KSES bu siyasətin bariz nümunəsidir. Laçın rayonunun "yaşıl" enerji potensialı çox böyükdür", - o deyib.
O əlavə edib ki, bugünədək Laçında ümumi gücü 80 meqavatta yaxın olan 9 KSES istismara verilib.
Qeyd edək ki, iyunun 1-də Laçında "Malıbəy" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub.
Xatırladaq ki, ötən ilin dekabr ayında "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Demirören Yatırım Holding A.Ş." şirkətlər qrupu (Türkiyə) və "Arges Enerji Team" MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Hekəri və Tərtər çayları üzərində beş KSES istifadəyə veriləcək.
Layihənin ümumi dəyəri 25 milyon manatdır. Bütünlükdə 2025-ci ildə, ümumi gücü 13,8 meqavatt olan beş stansiyanın istismara verilməsi planlaşdırılır. Stansiyaların istismar müddəti 30 ildir. Layihənin icrası 25 yeni iş yerinin açılmasına imkan verəcək.
Layihənin 1-ci mərhələsində Laçın rayonu ərazisində Zabux çayı üzərində 5,1 meqavatt gücündə "Malıbəy" SES-in, 2-ci mərhələdə 3,4 meqavatt gücündə "Qalaça 2" SES, 1,8 meqavatlıq "Minkənd" SES və 1,1 meqavatt gücündə "Qalaça 1" SES-in tikintisi planlaşdırılır. 3-cü mərhələdə Kəlbəcər rayonunda Tərtər çayının üzərində 2,4 meqavatlıq "Tərtər 1" KSES-in tikintisi nəzərdə tutulur.
(Tərcümə: Rəna Əbdürəhmanova)