Biz Qlobal Gənclər Enerji Alyansının yaradılmasına hazırlaşırıq. Bu təşəbbüsün məqsədi gənclər təşkilatları, qeyri-hökumət təşkilatları və hökumətlər arasında əməkdaşlığın gücləndirilməsidir. Məqsəd ondan ibarətdir ki, gənclər yalnız müşahidəçi deyil, həm də enerji keçidi və iqlim tədbirlərinin qərar qəbuletmə və icra proseslərinə aktiv şəkildə cəlb olunsunlar.
Bu barədə AZƏRTAC-a müsahibəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) nəzdində Nüvə Enerjisi Agentliyinin nümayəndəsi, YOUNGO gənclər təşkilatının üzvü Patrik Doran deyib.
“NDC 3 prosesi və ümumilikdə iqlim tədbirləri kontekstində uşaqların və gənclərin rolu böyük əhəmiyyət daşıyır. Reallıq budur ki, iqlim dəyişikliyindən ən çox məhz onlar təsirlənirlər. Ən ciddi təsirlər artıq hiss olunmağa başlayıb və növbəti onilliklərdə daha da güclənəcək. Belə olan halda, əgər biz siyasətləri və həlləri gənclərin iştirakı olmadan hazırlayırıqsa, bu, sadəcə yanlış qərarlar vermək deməkdir – çünki prosesdə düzgün insanlar yer almır. Gənclərin iştirakı sadəcə vacib deyil, bu, bizim yanaşmamızın əsasını təşkil etməlidir. Onların səsi, ideyaları və enerjisi dayanıqlı və gələcəyə hesablanmış iqlim strategiyalarının qurulmasında həlledici rol oynayır”, - deyə Patrik Doran əlavə edib.
Bakıdan Belemə Yol Xəritəsi və 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyələşməsi hədəfi barədə fikirlərini bölüşən Patrik Doran əlavə edib: “Bu, şübhəsiz ki, iddialı məqsəddir. Onun reallaşdırılması üçün ciddi kollektiv səylər tələb olunacaq. Bu məbləği yalnız hökumətlərin təmin etməsi mümkün deyil, bu məqsədə nail olmaq üçün özəl sektorun, maliyyə institutlarının və innovativ tərəfdaşlıqların cəlb olunması vacibdir. Bu, asan olmayacaq, amma düzgün koordinasiya və güclü öhdəliklə bunun mümkün olacağına ümid edirəm”.