“ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Dinamik Gənclik Həftəsi IV” layihəsi reallaşdırılıb. Dörd ildir təşkil olunan layihənin məqsədi Azərbaycan gənclərinin maarifləndirilməsi, inklüziv cəmiyyət dəyərlərinə əsaslanması, yeni dostluq əlaqələrinin qurulması, şəbəkələşmənin təmin olunmasıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə müddətində (29 yanvar – 4 fevral) müxtəlif təlimlər, maarifləndirici seminarlar, motivasiyaedici görüşlər, ustad dərsləri, komanda oyunları, intellektual yarış, şahmat turniri və əyləncə proqramı təşkil olunub.
Könüllülər həmin müddətdə “Coca-Cola” zavoduna, IDEA Heyvanlara Qayğı Mərkəzinə, “Suraxanı” gəmi muzeyinə və “Turan atçılıq mərkəzi”nə də ekskursiya ediblər.
Həftə ərzində müxtəlif təlimlərdə, idman oyunlarında, master-klaslarda, “Milli irs ekranlarda”, “Yaşıl həyat naminə” adlı intellektual oyunlarda iştirak ediblər.
Layihə çərçivəsində könüllülərin maraq dairəsinə, ixtisasına uyğun olan müxtəlif ekspertlərlə və dövlət rəsmiləri ilə görüşlər həyata keçirilib.
“Dinamik Gənclik Həftəsi IV” layihəsinə 600-dən çox ASAN könüllüsü qoşulub.